Bakı Şəhəri üzrə Təhsil İdarəsi “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na uyğun olaraq Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə I sinfə qəbul olunmaq istəyənlərlə keçirilən müsahibədən uğurla keçən və maksimum bal toplayan Əliyeva Sevinc Araz qızının fotolarını yayıb.
İdarədən Oxu.Az-a verilən məlumata görə, 2008-ci ilin oktyabr ayının 1-də anadan olan Sevinc Əliyeva 194 saylı məktəbin I sinif şagirdidir.
Sevinci xarakterizə edəndə ən çox “mehribandır”, “sadəlövhdür”, “hazırcavabdır” ifadələri işlədilir. Sevincin maraq dairəsi çox genişdir. İdmanla maraqlanır, rəqslə məşğul olur, ingilis və rus dillərini öyrənməyə çalışır.
“Böyüyəndə kim olacaqsan?”, “Hansı peşəni seçəcəksən?” suallarına müəllim, həkim, polis cavabını verib. Niyə məhz bu peşələrdən birini seçməyi düşündüyünü soruşanda isə balaca Sevincin cavabı bu cür oldu:
“Müəllim uşaqlara bilik verir, həkim xəstəni sağaldır, polis isə pis adamları tutur”.
Babasının sözlərinə görə, Sevinc yazıb - oxumağa çox erkən maraq salıb. Nənəsi onun dərsləri ilə məşğul olurdu, onu yormurdu, əyləncə ilə öyrədirdi. Hətta 4 yaşında ikən hərfləri tanıyan Sevinc 1 il də dövlət bağçasına gedib.
Ailəsi onun hərtərəfli yetişməsinə çalışsa da, uşaq hüquqlarını pozmamağı da hədəfləyib. Bəlkə həm də ona görə ki, Sevinc hansı hüquqlarının olduğunu və onları necə qorumaq gərəkdiyini yaxşı bilir.