Dənizkənarı Milli Parka istirahətə gələn insanları əsasən səhər və axşam saatlarında narahat edən bir məsələ var ki, artıq xeyli müddətdir onların narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, bu da bulvar ərazisində itlərin xaltasız gəzdirilməsidir.
Düzdür, parkın bir çox yerində itlərin xaltasız gəzdirilməsini qadağan edən nişanlar qoyulub, amma buna əməl edən isə demək olar ki, yoxdur.
Nazirlər Kabinetinin itlərin küçə və parklarda xaltasız, ağızlıqsız gəzdirilməsini qadağan edən qərarının olmasına baxmayaraq, bu gün parklarda, əsasən də həm ərazisi, həm də istirahət edən sakinlərin çoxluğu ilə seçilən Dənizkənarı Milli Parkda qaydaları pozaraq itlərini gəzdirənlərə tez-tez rast gəlmək olur. İş o yerə çatıb ki, it gəzdirməyə gələn sakinlər, ətrafdakıları saymır və onları bəzən əllərindən buraxıb heç nə olmamış kimi gəzdirirlər. Mühafizə də onlara öz iradını bildirəndə deyirlər ki, “narahat olmayın, heç nə olmaz, dişləyən deyil”.
Vətəndaşlar tərəfindən dəfələrlə şikayətlər olunub.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov dəfələrlə bulvar ərazisində xaltasız, ağızlıqsız itləri gəzdirən sakinlərə idarə tərəfindən irad tutulduğunu desə də, onların buna laqeyd yanaşdığını, hətta bunu bir neçə dəfə təkrar olaraq etdiklərini də bildirdi. Rəis müavini, eyni zamanda insanların üzərinə hücum çəkən itlərin də olduğunu qeyd etdi.
“Çox təəssüf ki, şəhər sakinləri bu qaydaları pozurlar. Onlara yaxınlaşıb iradımızı bildirəndə deyir ki, “mənim itim ev itidir, dişləməz””, deyə Nazim Məcidov bildirib.
Düzdür, İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsində, it və pişiklərin, həmçinin, digər heyvanların saxlanılması qaydalarının pozulmasına görə 5 manatdan 20 manatadək cərimə nəzərdə tutulub. Amma deyəsən, cərimələrin az olması, eyni zamanda da bu məsələ ilə bağlı konkret bir qurumun məşğul olmaması, ağzıaçıq itlərin, dolayısı ilə it tərəfindən dişlənən insanların sayının artması təhlükəsini artıra bilər. Sadəcə xəbərdarlıq isə görünür heç bir işə yaramır.