Sərt şaxtalardan qorumaq üçün bulvardakı kaktuslar xüsusi örtüyə bürünür.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, kaktusların soyuqdan qorunması üçün hazırlanmış örtüklərin dəmir çərçivələri artıq qurulub.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirdi ki, hər il olduğu kimi, bu il də bulvar ərazisində soyuğa davamlı olmayan ağacları mühafizə etmək üçün xarici ölkədən gətirilmiş xüsusi örtüklərdən istifadə olunacaq.
Rəis müavininin sözlərinə görə, hazırda ağacların qorunması üçün hazırlıq işləri aparılır. Kaktusların üzərində xüsusi örtükləri bağlamaq üçün düzəldilmiş dəmir konstruksiya quraşdırılır.
Qeyd edək ki, ötən il də xüsusi parçalardan hazırlanmış örtüklər ağacların soyuqdan qorunması üçün istifadə olunub. Əsasən palma, baobab və kaktus ağacları qışda örtüklə bağlanmışdı.