"Gələn il 11 illik tam orta təhsil səviyyəsində buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi ilə əlaqədar olaraq abituriyentlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur".
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva deyib.

O bildirib ki, bu, yalnız 11 illik tam orta təhsil səviyyəsində buraxılış imtahanına aiddir.
"Növbəti il xarici dil imtahanında tapşırıq sayı azalacaq, yazı bacarığı ayrıca qiymətləndiriləcək", - deyə K.Hacıyeva açıqlamasının ardında qeyd edib.
Şöbə müdiri 2027-ci ildən etibarən tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində hansı dəyişikliklərin ediləcəyinin detallarını açıqlayıb: "İmtahan 26 tapşırıqdan ibarət olacaq. Bu tapşırıqlardan 25-i qapalı tipli, biri isə yazı işidir. Dinləyib-anlama bölməsi üzrə 4 qapalı tipli test tapşırığı təqdim ediləcək. Oxu bacarığı 2 hissədən ibarət olmaqla ümumilikdə 8 test tapşırığı ilə yoxlanılacaq. Qrammatika üzrə isə abituriyentlərə 13 test tapşırığı veriləcək. Yazı bacarığı ayrıca bir tapşırıq vasitəsilə qiymətləndiriləcək".
O deyib ki, yazı bacarığının yoxlanılması zamanı şagirdlərdən verilmiş sual və ya fikir əsasında fakt, mülahizələr irəli sürərək öz fikirlərini yazılı şəkildə ifadə etmələri tələb olunacaq.
Samir Əli