Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Cabbar Qəribov: “40 hektar yanmış meşə ərazisinin bərpası nəzərdə tutulub” - FOTO
Bu gün Qəbələ rayonu, Bum meşəbəyliyinin yanğına məruz qalmış sahədə bərpa tədbirləri keçirilir, meşə cinsli toxumlar səpilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, ETSN-in bütün yerli qurumlarının əməkdaşları ilə birgə burada Fövqəladə Hallar Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, media nümayəndələri, yerli sakinlər böyük ruh yüksəkliyi ilə yaxından iştirak edir.
“Yay aylarında baş verən meşə yanğınlarının dəhşəti hər birimizə kədər və ürək ağrısı gətirdi, hər birimizi sarsıtdı. Lakin bu gün hər kəsin yanan əraziləri bərpa etmək məqsədilə bu tədbirə həvəslə qoşulması cəmiyyətimizin ətraf mühitin mühafizəsi işinə həssaslıqla yanaşdığını göstərir. Bu münasibəti isə vətəndaşlarımızda müşahidə etmək çox xoşdur”.
Nazirlik rəsmisi qeyd edib ki, meşə yanğınlarına iqlim dəyişikliyi, quraqlıq, təbii amillərlə yanaşı antropogen təsirlər də səbəb olur.
“Hər kəs, xüsusilə də meşə ərazilərinə yaxın kəndlərin əhalisi, təbiət qoynunda istirahət edən turistlər, fermerlər və bütün vətəndaşlar təbiətdə olarkən ətraf mühitə, insanlara zərər vuran yanğınlardan nəticə çıxarmalı və bir daha bu cür fəlakətlərlə üzləşməmək üçün maksimum dərəcədə ehtiyatlı olmalıdır”.
Nazirlik rəsmisi onu da qeyd edib ki, yanğına məruz qalmış digər ərazilərdə də bu kimi tədbirlər keçirilir:
“İnanırıq ki, tezliklə bu yerlərdə səpdiyimiz toxumlar cücərəcək və bu ərazilər yenidən sıx meşəliyə çevriləcək”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Cabbar Qəribov bildirib ki, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Bum meşəbəyliyi ərazisində meşəbərpa tədbiri aparılır:
“Burada 40 hektar yanmış meşə ərazisinin bərpası nəzərdə tutulub. Meşəbərpa tədbiri toxum səpini üsulu ilə aparılır. Səpində yerli meşə təsərrüfatlarında tədarük olunmuş Qafqaz vələsi, adi göyrüş, nəhəng ağcaqayın və uzunsaplaq palıd toxumlarından istifadə olunur. Həmin toxumlar yerli meşə təsərrüfatlarında tədarük olunduğu üçün yerli meşə şəraitinə uyğundur. Buradan biz yüksək bitiş faizi gözləyirik”.
Mütəxəssisin sözlərinə görə, 40 hektar ərazinin 20 hektardan çoxu əkilib:
“Bu gün dörd hektar ərazidə meşəbərpa işləri aparılır. Qalan 16 hektarda isə torpaq hazırlığı işləri görülür. Bu ayın sonuna qədər meşəbərpa tədbirlərinin başa çatdırılması planlaşdırılır. Gün ərzində iki ton palıd toxumu, 200 kiloqram vələs, 220 kiloqram adi göyrüş, 200 kiloqram ağcaqayın toxumu səpiləcək.
Meşələrdə baş verən yanğınlar əsasən antropogen amillərin təsirindən, vətəndaşların ehtiyatsızlığı ucbatından olur. Bum meşəbəyliyində qeydə alınan yanğınların söndürülməsində yerli əhali də, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də fəal iştirak ediblər. Onlar həmin ərazilərin bərpasında da töhfə vermək üçün səpin işlərinə qoşulublar”.
İlhamə Əbülfət
FOTO: Kərim Abbasov
"ETSN" teqi üzrə xəbərlər
- Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib
- Muxtar Babayev: "Dünyada şəhər əhalisinin xüsusi çəkisinin 70%-ə çatacağı proqnozlaşdırılır"
- Faiq Mütəllimov: "Göllərin mühafizəsi şəhər dayanıqlılığında vacib rola malikdir"
- COP29-da Xəzəryanı dövlətlərin bəyannaməsi qəbul olunub
- COP29 çərçivəsində Dini Liderlərin Qlobal Bakı Sammiti keçiriləcək
Rəylər