Bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparmaqda davam edir və bu mübarizə çərçivəsində bir sıra qadağalar həyatımızda məcburiyyətə çevrilib. Ən mühüm qadağalardan bir də, təbii ki, virusun sürətlə yayılması üçün münbit şərait yaradan kütləvi tədbirlərin keçirilməsi ilə bağlıdır.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, hər bir xalqın özünəməxsus adət-ənənələri, mədəni davranışları mövcuddur:
“Xalqların bu adət-ənənələri bir çox hallarda insanların kütləvi toplaşması ilə müşahidə olunur. Bu adət-ənənələrin ən mühüm parçalarından biri isə toy və yas mərasimlərinin keçirilməsidir. Toy və yas mərasimləri bütün xalqların həyatında qədim tarixdən gələn bir ənənədir. Hər zaman hər bir valideynin ən böyük arzularından biri övladının toy mərasimini keçirmək, yaxınları, əzizləri ilə birgə bu günü görmək olub. Təəssüflər olsun ki, koronavirus pandemiyası bizi bu gözəl adət-ənənəmizdən müəyyən müddətlik uzaq salıb.
Əfsuslar olsun ki, hələlik başqa yolumuz yoxdur, nə qədər ki virusa qarşı peyvənd və ya tam effektli müalicə üsulu tapılmayıb, bu bəlanın diktə etdiyi şərtlər altında yaşamağa məcburuq.
Dövlətimiz virusun yayıldığı ilk dövrlərdən bütün qabaqlayıcı tədbirləri həyata keçirməyə başladı, cənab Prezident ölkəmizin bütün imkanlarını insanlarımızın sağlamlığının qorunmasına səfərbər etdi.
Dövlətimiz virusla mübarizə aparmaq üçün milyardlarla manat vəsait ayırdı, eyni zamanda, iqtisadiyyatımız zərər gördü. Həkimlərimiz, polislərimiz və digər peşə sahibləri virusla mübarizə aparmaq üçün gecə-gündüz çalışdılar və bu gün də çalışırlar.
Bir sözlə, bu virusla mübarizədə dövlətimiz böyük əmək sərf edir. Virusla mübarizənin mühüm elementlərdən biri də maarifləndirmə işlərinin aparılmasıdır. İlk gündən cəmiyyəti virusla bağlı maarifləndirmək üçün geniş təbliğat işləri aparıldı və bu gün də davam etməkdədir.
Təbii ki, bu maarifləndirmə işlərində tanınmış şəxslər, o cümlədən, millət vəkilləri, müxtəlif vəzifə sahibləri, həkimlər, ziyalılar, elm və mədəniyyət xadimləri və digər insanlar xüsusi rol oynayırlar və oynamalıdırlar, çünki onlar cəmiyyətə bir nümunə olmalıdırlar ki, aparılan işlər daha yaxşı nəticə versin.
Lakin təəssüflər olsun ki, dövlətimiz tərəfindən görülən bu qədər işlərə, virusla bağlı qoyulan qadağalara rəğmən, son günlər müxtəlif vəzifəli şəxslərin, millət vəkillərinin və cəmiyyətə nümunə olmalı olan digər tanınmış şəxslərin iştirakı ilə toy mərasiminin keçirilməsi günümüzün əsas mövzusuna çevrilib.
Əlbəttə ki, bu hadisə haqlı olaraq cəmiyyətimizdə narazılıq və hiddət doğurub, çünki əvvəla, bu virus vəzifəli və ya sıravi şəxs deyə kiməsə fərq qoymur, digər tərəfdən isə qanun hər kəs üçün eynidir və hətta vəzifəli şəxslər qanun qarşısında daha böyük məsuliyyət daşıyır.
Virusun dünyada tüğyan etdiyi və təhlükə saçdığı bir dövrdə toy mərasiminin keçirilməsi və orada iştirak etmək heç cür başadüşülən deyil, ələlxüsus da vəzifəli və tanınmış şəxslərin həmin mərasimdə iştirakı böyük təəssüf hissi doğurur.
Əlbəttə, Azərbaycan hüquqi dövlətdir. Vəzifəsindən, cəmiyyətdəki statusundan asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir və hər kəs öz əməlinə görə qanun qarşısında cavab verməlidir. Təbii ki, məlum toy mərasiminin təşkilatçıları və iştirakçıları da qanunla öz cəzalarını aldılar. Cəmiyyətimiz də bir daha gördü ki, heç kim qanundan üstün ola bilməz.
Mən bir daha cəmiyyətimizi, insanlarımızı bu həssas dönəmdə kütləvi tədbirlərdən çəkinməyə çağırıram. Gəlin, bir az da səbr edək, dözümlü olaq ki, bu bəladan daha tez xilas olaq. Xilas olaq ki, yenə də öz gözəl adət-ənənələrimizə, toylu-büsatlı günlərimizə qayıda bilək”.