Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü ölkəmizin ilk müstəqillik tarixində ən mühüm yerlərdən birini tutur.
Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin bu binasının akt zalında müstəqil dövlətimiz üçün mühüm qərarlar imzalanıb. Azərbaycan Xalq Cümhuriyyəti Tiflisdən köçürüldüyü zaman əsas qərargahı məhz Gəncə olub.
Cümhuriyyətin Gəncə dövründə Azərbaycan dövlətinin rəsmi şəkildə ilk milli hökuməti və parlamenti yaradılıb. Gəncədə həmçinin məhkəmə orqanları formalaşdırılıb. Qısası, Azərbaycanın dövlət kimi əsas qollarından sayılan qanunverici, icra edici və məhkəmə sistemi Gəncə şəhərində qurulub.
Ümumiyyətlə Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olaraq Gəncə şəhərinin seçilməsi təsadüfi deyil. Bakının bolşeviklərin nəzarətində olması o dövrdə ziyalılarımızın diqqətini milli inqilab hərəkatının digər mərkəzinə - Gəncəyə yönəldib.