Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Daha 120 sahibkara maliyyə sanksiyası tətbiq edildi - SƏBƏB
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 120 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 120-dən çox belə obyektdə qanun pozuntularına yol verilməsi faktları aşkarlanıb. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.
Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.
Qeyd edək ki, bundan əvvəl "Kartdan-karta" üsulu ilə işləyən 160 sahibkar cəzalandırılıb.
Rəylər