Sentyabrın 8-də dünya kinosunun paytaxtı Los-Ancelesin səhnəsində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettasının premyerası olmuşdur.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, operettanın Amerika tamaşaçısının qəlbini fəth edəcəyi şübhə doğurmurdu.
Yüz il bundan əvvəl Üzeyir Hacıbəyli bu əsərini neft maqnatı Hacı Zeynalabdin Tağıyevin köməyi ilə bütün dünyaya təqdim etmişdir.
Simvolik olaraq isə 100 ildən sonra dahi Ü.Hacıbəylinin bu əsəri ABŞ-da dünya enerji ehtiyatları bazarlarında öz sözünü demiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə səhnələşdirilir.
Tamaşanın təşkilində, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun da rolu böyükdür.
Üç min tamaşaçı iki saat ərzində musiqi və yumorla müşayiət olunan bu sevgi əhvalatının sonunu gözləyirdi. Tamaşanı heyranlıqla izləyən insanların üzlərində müxtəlif ifadələri hiss etmək çətin deyildi. Kimi Şərq musiqisindən zövq alır, kimi sevgililərə görə həyəcan keçirir, kimi də Azərbaycanın milli geyimlərinə heyran qalmışdı. Amma sonda təəssürat eyni idi: ifaçıları hamı bir nəfər kimi ayaq üstə alqışlayırdı.
Tamaşadan sonra zalı tərk edən tamaşaçılar hələ də səhnədə gördüklərini müzakirə edirdilər. Əminliklə demək olar ki, indiyədək Azərbaycan haqqında az da olsa eşidənlər, bundan sonra bu kiçik Şərq ölkəsinə əsl maraq göstərməyə başlamışdılar. Əsərin tamaşaçılarda yaratdığı düşüncələr, hisslər o qədər güclü idi ki, onlar gördüklərini furşetdə davam etdirirdilər.
“Arşın mal alan” Los-Ancelesi fəth etdi. Bunu isə heç də hər əsər edə bilməz. Çünki Los-Anceles həm də Hollivud hesab olunur. Hollivudu isə təəccübləndirmək elə də asan deyildir.






