Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Bakı şəhərində yerləşən 2 hərbi hissəsində I Avropa Oyunları zamanı ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə cəlb olunacaq hərbi qulluqçuların hazırlığı, geyim təminatı, xüsusi avadanlıq və vasitələrlə təchizatı, eləcə də avtomobil və xüsusi texnikaların vəziyyətini yoxlayıb.
Oxu.Az-ın Daxili Qoşunların saytına istinadən verdiyi məlumata görə, Ş.Məmmədova məruzə olunub ki, hərbi hissələrin şəxsi heyəti I Avropa Oyunları zamanı qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsinə tam hazırdır.
Xidmətin təşkili ilə əlaqədar müvafiq plan-hesab hazırlanıb, əməliyyat qərargahları yaradılıb. Hərbi hissə komandanlıqlarının xidmət yerləri ilə əyani tanışlığı təmin edilib.
Yarışlara gələcək vətəndaşları xüsusi aparatlarla yoxlamaq məqsədilə hərbi qulluqçulara polis orqanlarının əməkdaşları ilə birlikdə müvafiq kurslar keçirilib. Buraxılış rejimini təmin edəcək qadın hərbi qulluqçularla 45 günlük ingilis dili kursları təşkil olunub.
Xidmətin daha yüksək səviyyədə təşkil olunması üçün yeni müasir avadanlıq, texnika və xüsusi avtomobillər alınıb. Yarışlar zamanı şəxsi heyətin daşınması üçün əsasən iritutumlu və ortatutumlu avtobuslardan istifadə olunacaq.
Ş.Məmmədov Daxili İşlər Nazirliyinin xidmətlərinin, ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunların hərbi qulluqçularının fəaliyyətinin koordinasiyası, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili istiqamətində cavabdehlik daşıyan məsul vəzifəli şəxslərə konkret tapşırıqlar verib.
Ş.Məmmədov oyunlar zamanı təhlükəsizlik tədbirlərinə son dərəcə məsuliyyətlə yanaşmağın vacibliyini vurğulayıb. Qeyd edib ki, müasir tarixə əlamətdar hadisə kimi düşəcək ilk Avropa Oyunları Azərbaycanın yeniyetmə və gənclərinin idmana cəlb olunmasında çox böyük rol oynayacaq. Eyni zamanda Avropa Oyunları ölkənin dünyada daha da tanınmasına və böyük inam qazanmasına gətirib çıxaracaq.
E.Ə.
www.oxu.az