Paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları qəsəbə sakini, virusun daşıyıcısı kimi qeydiyyatda olan Ramal Feyzullayevi marketə gedən zaman müəyyən ediblər.
Həmin şəxs barəsində dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə tərəfindən Ramal Feyzullayev haqqında həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunundan verilən məlumata görə, Qazax rayonunun Ağköynək kəndində aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.
Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan şəxsin törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınıb.
Faktla bağlı araşdırma aparılır.