Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycanın daha bir atleti çıxış edib.
Oxu.Az-ın xəbərinə görə, Samir Nəbiyev (F57 kateqoriyası) atletikanın nüvə itələmə yarışında altı cəhdindən üçündə dəqiq ola bilib.
35 yaşlı idmançımızın ikinci cəhdi ən uğurlusu olub. Belə ki, o, 13.12 metr nəticə göstərib. Lakin bu nəticə ona 15 idmançı arasında yalnız 7-ci yeri tutmağa kömək edib.
Xatırladaq ki, 2011-ci ildə disk atma (lövhə atma) yarışında Ümumdünya Oyunlarının qalibi olmuş Samir Nəbiyev ikiqat dünya və Avropa mükafatçısıdır. O, 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında həm disk atma, həm də nüvə itələmə yarışlarında qızıl medal qazanıb.
Qeyd edək ki, nüvə itələmənin F56 kateqoriyasında dünya və Paralimpiya rekordu azərbaycanlı Oloxan Musayevə aiddir. O, Pekin Paralimpiya Oyunları vaxtı – 2008-ci ilin sentyabrın 15-də 13.49 metr nəticə göstərməklə hər iki rekorda sahib çıxıb.
Səbuhi Musayev