Azərbaycanda 2012-ci ildə abortların sayı 31 000, 2013-cü ildə 27 892, 2014-cü ildə isə 27 220 olub. Reproduktiv yaşlı hər 1000 qadına düşən abortların sayı 2012-ci ildə 11,5 , 2013-cü ildə 10,4 təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-a Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, mama-ginekoloq Leyla Məmmədova bildirib.
Mama-ginekoloqun sözlərinə görə, qadınlar hamiləliyin pozulması üçün daha çox 25-29 və 30-34 yaş aralığında tibb müəssisələrinə müraciət edirlər:
“Rəsmi statistikaya əsasən, 2013-cü ildə 27892 abort qeydə alınıb ki, onlardan 8958 halda qadının yaşı 25-29, 7849 halda isə 30-34 arasında olub. Bu yaş qruplarına daxil olan hər 1000 qadına abort göstəricisi müvafiq olaraq 19,4 və 20,0-dır. Ən aşağı göstərici isə yaşı 20-dən aşağı olan qadınlar arasında qeydə alınıb - hər 1000 qadına 3,1”.
O bildirib ki, rəsmi statistikada yaşı 18-dən aşağı olan yeniyetmələr arasında abort halları da qeydə alınıb və bu, əxlaqsızlıq yox, daha çox erkən nikah halları ilə bağlıdır.