Azərbaycan paytaxtında dənizdə batan uşaqlardan sonuncusunun meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətindən APA-ya verilən məlumata görə, qadağan olunmuş ərazidə batan 6 yaşlı Farizin meyiti bu gün səhər saat 07.44 radələrində batdığı yerdən 5 km kənarda dəniz sahilində aşkar edilib və xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, avqustun 6-da axşam saatlarında Şüvəlan çimərliyindən 8 km aralıda, qadağan olunmuş ərazidə 10 yaşlı Kəmalə Qafil qızı Məmmədova, onun bacısı 9 yaşlı İlgün Qafil qızı Məmmədova, qardaşı 6 yaşlı Fariz Qafil oğlu Əliyev, 14 yaşlı Aydan Fikrət qızı Fərziyeva, onun qardaşı, 9 yaşlı Hüseyn Fikrət oğlu Fərziyev batıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətindən bildirilib ki, məlum hadisəyə valideyn nəzarətsizliyi səbəb olub. Belə ki, həmin uşaqlar dünən axşam saatlarında valideynlərinin nəzarəti olmadan çimərliyə gediblər və nəticədə belə bir faciəli hadisə baş verib.
Dövlət Sulardan Xilasetmə Xidməti vətəndaşlara müraciət edərək onları su hövzələrində diqqətli olmağa, azyaşlı uşaqları nəzarətsiz buraxmamağa, qadağan olunmuş yerlərdə ümumiyyətlə çimməməyə çağırıb.
13:35 - 07.08.2014
Bakıda çimərlikdə dənizdə batan uşaqlardan ikisinin meyiti hələ tapılmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətindən bildirilib.
Məlumata görə, Şüvəlan çimərliyindən 8 km aralıda, qadağan olunmuş ərazidə batan 10 yaşlı Kəmalə Qafil qızı Əliyeva və onun qardaşı, 9 yaşlı Elgün Qafil oğlu Əliyevin axtarışları davam etdirilir.
Dənizdə batan digər üç nəfərin - 6 yaşlı Fariz Qafil oğlu Əliyev, 14 yaşlı Aydan Fikrət qızı Fərziyeva, onun qardaşı, 9 yaşlı Hüseyn Fikrət oğlu Fərziyevin meyitləri isə tapılaraq ailələrinə təhvil verilib.
Dövlət Sulardan Xilasetmə Xidmətindən həmçinin bildirilib ki, məlum hadisəyə valideyn nəzarətsizliyi səbəb olub. Belə ki, həmin uşaqlar dünən axşam saatlarında valideynlərinin nəzarəti olmadan çimərliyə gediblər və nəticədə belə bir faciəli hadisə baş verib.
Dövlət Sulardan Xilasetmə Xidməti vətəndaşlara müraciət edərək onları su hövzələrində diqqətli olmağa, azyaşlı uşaqları nəzarətsiz buraxmamağa, qadağan olunmuş yerlərdə ümumiyyətlə çimməməyə çağırıb.
Bu arada Daxili İşlər Nazirliyi 5 azyaşlının Xəzərdə batması faktı ilə bağlı məlumat yayıb.
Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 6-da Xəzər rayonu Şimal Dres qəsəbəsinin çimərliyində qəsəbə sakinləri Aydan Fərziyeva, qardaşı Hüseyn, Kəmalə Əliyeva, qardaşları Elgün və Fariz çimərkən suda boğulublar.
A.Fərziyevanın, H.Fərziyevin və E.Əliyevin meyitləri sudan çıxarılıb, digərlərinin meyitlərinin tapılması istiqamətində tədbirlər davam etdirilir.
11:30
Bakı çimərliklərindən birində dəhşətli hadisə yaşanıb - iki ailənin 5 uşağı eyni vaxtda dənizdə boğulub.
Oxu.Az-ın aznews.az-a istinadən məlumatına görə, dünən saat 20:00 radələrində Xəzər rayonu Şimal DRES qəsəbə sakinləri 14 yaşlı Aydan Fərziyeva, qardaşı 13 yaşlı Hüseyn Fərziyev, 10 yaşlı Kəmalə Əliyeva, qardaşları - 9 yaşlı İlgün Əliyev, Fariz Əliyev Şüvəlan çimərliyində dənizdə çimərkən boğulublar.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Nazirliyin dalğıc-xilasediciləri tərəfindən Aydan Fərziyeva, Kəmalə Əliyevanın meyiti sudan çıxarılıb. Digərlərinin meyitlərinin axtarışı istiqamətində tədbirlər görülür.