Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dənizkənarı Bulvar İdarəsindən Milli Parkda kaktusların yandırılmasına REAKSİYA - YENİLƏNİB + VİDEO
“Dənizkənarı Bulvar İdarəsi Milli Parkda kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər barədə məlumatlıdır. Olay barədə məlumat daxil olandan dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət olunub. Aparılan araşdırmadan sonra qanuna uyğun tədbirlərin görülməsi üçün müvafiq addımlar atılacaq”.
Bu barədə Dənizkənarı Bulvar İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
“Dənizkənarı Bulvar İdarəsindən bildirilib ki, Bulvarın mühafizəsi üçün lazım olan bütün addımlar atılıb. Lakin Milli Parkın böyük ərazini əhatə etdiyini və insanların sıx ziyarət etdiyi yer olmasını nəzərə alsaq, o zaman bu məkanda nizam-intizama əməl olunması, səliqə-sahmanın qorunması üçün insanların da üzərinə böyük məsuliyyət düşür.
Bəzi şəxslər vətəndaş məsuliyyətini dərk etmirlər. Milli Park hər kəsin, kaktuslara zərər verən şəxsin də milli dəyəri olmalıdır. Burada xoş istirahət keçirmək, gözəlliklərdən zövq almaq üçün yaradılan şəraiti hamı qorumalıdır. Amma təəssüf hissi ilə qeyd edirik ki, bəzi insanlar yaradılan bu gözəlliklərə zərər vururlar.
Dənizkənarı Bulvar İdarəsi bir daha insanları paytaxtımızın gözəlliyində xüsusi yeri olan Milli Parkı qorumağa çağırır”.
12:52
İnsanlar Dənizkənarı Bulvarda olan dekorativ bitkilərə ziyan vururlar.
Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə oğlanın alışqanla kaktusun yarpağını yandırması əks olunub. Kənardan digər şəxs ona bunun yanlış olduğunu desə də, gənc oğlan buna məhəl qoymur.
Görüntülər sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Dənizkənarı Bulvar İdarəsinin Mühafizə Xidmətinin əməkdaşları ərazidə xidmət aparsalar da, nədənsə bu məqamları görmürlər...
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva ilə əlaqə saxlanılıb. Mətbuat katibi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan videogörüntülər araşdırılacaq.
Rəylər