"Azərbaycan MDB təşkilatına təsadüfən qoşulmayıb. Azərbaycanın bu təşkilata qoşulması və ya bu prosesə ölkəmizin töhfəsi olduqca önəmlidir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycan müstəqil bir siyasət həyata keçirir və bütün dövlətlərlə münasibətini bu formada qoruyur:
"Azərbaycanın MDB üzvlüyü çox önəmlidir. Çünki bu, bizə MDB ölkələri ilə çox sıx əməkdaşlıq üçün imkan yaradır. Azərbaycan bu təşkilata təsadüfən qoşulmadı. Azərbaycanın qoşulması və ya bu prosesə ölkəmizin töhfəsi olduqca önəmlidir. Ölkəmiz bu gün Ermənistanla da əməkdaşlıq edir. Ermənistanla hələ sülh müqaviləsi imzalanmayıb. Gələcəkdə biz MDB çərçivəsində də Ermənistanla əməkdaşlıq edə bilərik".
Deputatın sözlərinə görə, bu gün yük tranzitinə qoyulmuş məhdudiyyətlər artıq aradan qaldırılır və bu Ermənistanla həm ayrıca, həm də MDB çərçivəsində bizim münasibətlərin inkişafına özünün töhfəsini verəcək:
"Hesab edirəm ki, iqtisadi inteqrasiya, humanitar əməkdaşlıq, qarşılıqlı əlaqələr burada çox önəmlidir.
MDB çərçivəsində qəbul olunan sənədlərdə Azərbaycanın rəyləri, qeyd-şərtlərlə yanaşması ölkəmizin təşkilat daxilində milli maraqlarını qoruması baxımından xüsusi əhəmiyyət daşıyır və bu, onu göstərir ki, ölkəmiz özünün milli maraqlarını qoruyur. Təbii ki, Azərbaycan Prezidentinin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı və bu təşkilatdakı fəaliyyəti ölkəmizin olduqca fəal olduğunu göstərir".