Hesab edirəm ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabatın formatını dəyişdirmək lazımdır, çünki elə məsələlər var ki, orada əksini tapır, eləsi də var ki, əksini tapmır və nəticədə bəzi məqamlar vətəndaşlar üçün qaranlıq qalır.
Oxu.Az xəbər verir ki, bunu millət vəkili Tahir Rzayev Milli Məclisin (MM) Regional məsələlər komitəsinin fevralın 6-da keçirilən iclasında, Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabat məruzəsinin müzakirəsində çıxışı zamanı deyib.
“Xüsusilə də parlamentdə, komitəmizdə bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı millət vəkillərinin xeyli səmərəli təklifləri olur. Yaxşı olardı ki, Mərkəz tərəfindən həmin təkliflər təhlil edilsin və hesabatda qeyd olunsun.
Bələdiyyələr bəzən yersiz, əsassız yerə cərimələnirlər. Məsələn, hansısa zibil tullantularına görə bələdiyyələr cərimələnir, məhkəmə çəkişmələri olur. Hansı ki, zibil tullantuları olan ərazilər heç bələdiyyələrə aid olmur, amma onlar cərimələnir haqsız yerə.
Belə məsələlər hesabatda öz əksini tapmalıdır. Bu, bələdiyyələlərin özünəinam hissinin yaranmasında, onlara stumul verilməsində mühüm rol oynaya bilər”, - deyə millət vəkili əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az