"Dünyanın əksər ölkələrində elektrik mühərrikli avtomobillərin alınmasını stimullaşdırmaq üçün vergi ödənişindən imtina edilir".
Oxu.Az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bugünkü iclasında Vergi Məcəlləsinə və digər qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
O bildirib ki, Azərbaycanda keçən ilə qədər elektrikli avtomobillərin gətirilməsinə vergi yox idi:
"Amma bu ildən tətbiq olunur. Bu, bizim iqtisadi imkanlarımıza təsir göstərəcək. Verginin qoyulması təbii ki, ölkəyə gətirilən elektrik avtomobillərinin bahalaşmasına gətirib çıxaracaq və hazırda qiymətlər yüksəlməkdədir. Təbii ki, ölkəyə daxil olan elektrik avtomobillərinin sayı da azalacaq. Yenə də dizel və başqa yanacaqla işləyən avtomobillərin çoxluğunu müşahidə edəcəyik. Bu vergidən büdcəyə çox böyük vəsait də daxil olmur".
Deputat əlavə edib ki, sözügedən məsələ iş yerlərinin azalmasına gətirib çıxaracaq:
"Bu, büdcəyə daxil olan vəsaitin də ciddi şəkildə azalmasına səbəb olur. Eyni zamanda, böyük şirkətlər müxtəlif yollar tapırlar ki, belə vergidən yayınsınlar. Bu da bir çox hallarda neqativ vəziyyət yaradır".