Tez-tez yaşlı nəslin dilində bu sözləri eşitmək olar: “İndiki gənclər tamam fərqlidirlər, nə dəyərləri, nə də zövqləri var”.
Ağsaqqallar öz fikirlərinə arqument olaraq, bütöv nəsillərin oxşamağa çalışdığı Böyük Vətən Müharibəsinin qəhrəmanları, əfsanəvi snayper Zaytsev və ya kəşfiyyatçı Ştirlits, yaxud da partizan Mixaylonu nümunə gətirirlər.
Açığını desək, onların söhbətlərindən sonra indiki gənclərin “Qurdlar Vadisi” serialından məğlubedilməz və ölməz Polad Ələmdar haqqında danışdıqlarına qulaq asmaq çox ağrılıdır.
Azərbaycanlı “vor zakon” Rövşən Caniyevə (Rövşən Lənkəranski) məhdiyyə həsr etmiş lənkəranlı meyxanaçı Nicat mənalı bir daha ağsaqqalların dediklərini xatırladır. Meyxanaçının kriminal avtoritetin xidmətlərindən bəhs etdiyi klip qısa müddət ərzində YouTube-də 13 000-dən çox baxış toplayıb.
Maraqlıdır, bəs nə üçün yazıçı dünyası deyil, kriminal aləm gəncləri daha çox özünə cəlb edir?
Sabunçu rayon 14-cü polis bölməsinin rəisi Zaur Bədəlov təəssüflə qeyd edir: Maştağa və Nardaran qəsəbələrində gənclərin müəyyən hissəsi kriminal dünyaya meyllidir.
“Cibində bıçaq şəhərin küçələrində gəzən gənc insanların sayı artır. Əgər əvvəllər münasibətlərini yumruqla aydınlaşdırırdılarsa, indi dərhal bıçağa əl atırlar və bu da ağır nəticələrə, ciddi cinayət məsuliyyətinə gətirib çıxarır” – polis rəisi qeyd edir.
Z.Bədəlov həm də dəyərlərin dəyişməsindən şikayətlənir. Əgər əvvəllər kosmonavtlar qəhrəman sayılırdılarsa, müsbət keyfiyyətli insanlara oxşamaq istəyirdilərsə, bu gün tez-tez gənclərin kriminal avtoritetlər və “vor zakonlarla” fəxr etməsinə rast gəlmək olar.
Bundan başqa, polislər öz praktikalarında hansısa kriminal avtoritetlə qohumluq əlaqəsinin olduğunu fəxrlə göstərən şəxslərlə də rastlaşırlar.
Azərbaycanın xalq yazıçısı, məşhur detektiv əsərlər yazarı Çingiz Abdullayevin fikrincə, vəziyyət təhlükəlidir.
“Düşünürəm ki, ilk növbədə kriminal “avtoritetlər” deyil, kitabların təbliğinə yönəlik tədbirlər kompleksi lazımdır. İnsanların oxumağa öyrəşdirilməsinə dəstək verən şərait yaratmaq çox vacibdir” – deyə, adlı-sanlı yazıçı hesab edir.
Yazıçı, Milli Məclisin deputatı Aqil Abbas öz növbəsində bu faktı Azərbaycan gəncliyinin faciəsi adlandırıb.
“Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yanında Rövşən Lənkəranski kimdir? Bəli, şübhəsiz kriminal aləm gənclərdə maraq doğurur, lakin gənclər nə üçün onlara oxşamağa çalışmalıdırlar ki?” – deyə, deputat sual verir.
Onun sözlərinə görə, bu gün kimisə bu və ya digər kitabı oxumağa, Mübarizə bənzəməyə məcbur etmək olmaz.
“Bu, ailə daxilində tərbiyədən başlayan kompleks işdir” – deyə, deputat vurğulayıb.
Deputat İqbal Ağazadə yaranmış vəziyyətdə telekanal və bilavasitə gənclərlə işləyən idarələrin rəhbərlərini günahlandırır.
“Nə üçün milli telekanallarda vətənpərvərlik təbliğ olunmur? Barəsində materialların məşhur partizan Əhmədiyyə Cəbrayılovdan (Mişel) populyar olduğu Rövşən Lənkəranksini özünə kumir seçmiş gəncləri birmənalı olaraq günahlandırmaq çətindir” – deyə, İ.Ağazadə şikayətlənir.
Həqiqətən də, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün gənclər özləri üçün yanlış ideallar seçiblər. Əlbəttə, söhbət bütün gənclərdən yox, onların bir qismindən gedir. Lakin təəssüf ki, tendensiya sevindirici deyil.
www.vesti.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin