Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Deputat: “Polisi vurmaq deputatın gücü daxilindədirsə, onda millət vəkilini döyəcək kimsə ola bilər” - VİDEO
“Biz Azərbaycan zabitinin alçaldılaraq döyülməsinə Konstitusiya çərçivəsində düzgün qiymət verməsək, qəbul etdiyimiz qanunların işləkliyinə heç kimi dəvət edə bilməyəcəyik. Hüquqi nihilizmi genişləndirən və kimin gücü varsa, digərinin fiziki cəzalandırmasına yaşıl işıq yandıran hərəkətlərə səbəb olacağıq”.
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsinə münasibət bildirərkən deyib.
“Ona görə də polisə və əsgərə qalxan əl dövlətə vurulan zərbə kimi qiymətləndirilməlidir. Gecədən keçmiş qanuni tabel silahına malik şəxsə qarşı linç əməliyyatı qurulursa, günün gündüz çağı millət vəkilini qanuna dəvət edən silahsız vətəndaş daha böyük işgəncəyə məruz qala bilər”, - deyə Z.Oruc əlavə edib.
Deputat bildirib ki, zorakılıq edilən şəxs Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasında fədakarlığı ilə seçilən polis zabitidirsə, hadisəni iki hakimiyyət qolu arasında nifaq kimi təqdim edənlər mövcud olmayan gərginliyə dair süni mövzu yaradırlar.
“Hamı yaxşı başa düşür ki, polis zabitini vurmaq deputatın gücü daxilindədirsə, onda millət vəkillərini də döyəcək xeyli güclü şəxslər və qruplar meydana çıxa bilər. Parlament üzvü dövlətin simasıdır, çünki millətin şərəf və ləyaqətini, maraq və mənafelərini təmsil edir. Ona qarşı gedəndə isə mandat hüququnu itirir. Sonda biz təklif edirik ki, qanunu və vətəndaş hüquqlarını müxtəlif bölgələrdə ləyaqətlə qoruyan polis təmsilçilərindən 125 nəfəri parlament tərəfindən mükafatlandırılsın”.
Aqşin Kərimov