Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarının istilik sistemlərinin yenilənməsinə ehtiyac var.
Oxu.Az xəbər verir ki, bu barədə deputat Səbinə Salmanova Milli Məclisdə "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində danışıb.

Deputat Sumqayıtın əhali sayına görə ölkənin ikinci ən böyük şəhəri olduğunu xatırladıb:
"500 mindən çox əhalisi olan şəhərdə çoxmənzilli yaşayış binalarının bir hissəsində istilik sistemlərinin yenilənməsinə, əsaslı təmirinə və müasir tələblərə uyğunlaşdırılmasına ciddi ehtiyac var. Bu problem xüsusilə payız-qış mövsümündə sakinlərin gündəlik həyatına təsir göstərir. Bir sıra binalarda istilik sistemlərinin köhnəlməsi və texniki vəziyyətinin qənaətbəxş olmaması mənzillərin lazımi səviyyədə qızdırılmasında çətinliklər yaradır".
"İlk növbədə, şəhərdə istilik sistemlərinin mövcud vəziyyəti hərtərəfli araşdırılmalı, yenilənməyə ehtiyacı olan binalar müəyyənləşdirilməli və problemin mərhələli həlli üçün konkret tədbirlər planı hazırlanmalıdır. Xüsusilə qarşıdan gələn qış mövsümünü nəzərə alaraq, ən problemli binalarda təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir. Sumqayıtda çoxmənzilli yaşayış binalarının istilik sistemlərinin mərhələli şəkildə yenilənməsi üçün konkret tədbirlərin görülməsini və dövlət büdcəsində bu məqsədlə müvafiq vəsaitin nəzərdə tutulmasını hökumətdən xahiş edirəm", - deputat əlavə edib.