Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Deputat: "Zəngilan Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edən bölgədir"
"Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. Zəngilanın azad edilməsi şanlı zəfər tariximizin silinməz salnamələrindəndir. Rayonun işğaldan azad olunmasının həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti danılmazdır".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova bildirib.
O xatırladıb ki, 2020-ci il oktyabrın 20-də erməni işğalından azad olunmuş Zəngilanın ilk görüntüləri ürək ağrıdıcı idi:
"Digər bölgələrimizdə olduğu kimi, erməni vandalları Zəngilanı da yerlə yeksan edib, yüzlərlə tarixi-mədəni abidələrimizi, o cümlədən bəzilərinin tarixi bizim eradan əvvəlki dövrlərə aid olan qədim nekropolları dağıdıb, Zəngilan ərazisindəki faydalı qazıntı yataqlarını qeyri-leqal olaraq vəhşicəsinə istismar ediblər. Rayon ərazisindən keçən bol sulu Araz, Oxçuçay, Bəsitçay və Həkəri çayları işğal dövründə həddindən artıq çirkləndirilmişdi. Rayonun meşə örtüyü qırılıb yandırılmış, bütövlükdə bölgənin ekologiyasına uzun müddət bərpa oluna bilməyəcək dərəcədə ziyan vurulmuşdu".
Deputat bildirib ki, döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərən hərbi qulluqçularımız "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif ediliblər:
"Bu, hərbi qulluqçularımıza göstərilən böyük diqqətin növbəti təsdiqidir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 20 oktyabr Zəngilan Şəhəri Günü kimi müəyyən olunub. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Böyük Qayıdışın ilk addımlarından biri də məhz Zəngilan rayonunda atılıb. Belə ki, işğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürətlə davam edir. Azad edilmiş ərazilərimizə qayıdışla bağlı birinci pilot layihə də Zəngilanda icra edildi. Rayonun Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər - "ASAN", "DOST", kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün əminliklə deyə bilərik ki, Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biridir".
Parlamentari diqqətə çatdırıb ki, Zəngilan indi də keçmişdə olduğu kimi Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edən bölgədir. Zəngilandan keçəcək Zəngəzur dəhlizi ölkəmizin qərb bölgələrini Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirəcək. Bu dəhlizin açılması ilə uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasının nəinki qərb bölgələrimizlə, eyni zamanda, bütün bölgə dövlətləri ilə birbaşa əlaqəsi təmin olunacaq. Bu, həm də tarixi Azərbaycan ərazisi olan qədim Zəngəzura yenidən qayıdışımızı təmin edəcək".
Ölkə başçısının Zəngilan rayonuna səfərlərini xüsusilə diqqətə çatdıran millət vəkili Səbinə Salmanova qeyd edib ki, işğaldan azad olunan Zəngilan rayonuna Prezident İlham Əliyev müxtəlif vaxtlarda 10-dan çox səfər edib. Böyük fəxarət hissi ilə deyə bilərik ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi Zəngilan rayonunda da bərpa və quruculuq işləri sürətlə və planlı şəkildə davam etdirilir. Cənab Prezidentin bütün səfərlərində mühüm infrastruktur obyektlərinin təməqoyma mərasimləri olub. Mühüm infrastruktur obyektləri arasında Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması, eləcə də Zəngilan Beynəlxalq Hava Limanının açılışı xüsusilə qeyd edilməlidir.
Səbinə Salmanova 2022-ci ilin iyunun 24-də ölkədə fəaliyyət göstərən 40 siyasi partiyanın 46 nümayəndəsi, tanınmış politoloq və siyasi şərhçilərlə birlikdə Zəngilana səfər etdiyini xatırladıb: "Siyasi partiya nümayəndələrinin iştirakı ilə baş tutmuş həmin səfəri yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, 2020-ci ildə başlanmış iqtidar-müxalifət münasibətlərinin yeni bir mərhələsi idi. Bu proses hazırda da uğurla davam etdirilir. Biz Zəngilana səfərimiz zamanı rayondakı tikinti işləri ilə, həmçinin Ağalı kəndində uğurla həyata keçirilən ilk "Ağıllı kənd" layihəsi ilə yaxından tanış olduq, Həkəri çayına balıq növlətinin buraxılması ilə bağlı mərasimdə iştirak etdik. Orada gördüklərim məni həm çox sevindirdi, həm də qürurlandırdı. Dövlətimizin gücü, potensialı və əzmkarlığı ilə gerçəkdən qürur duydum. Bunca nəhəng miqyaslı işlər heç bir xarici yatırımlar olmadan, beynəlxalq təşkilatlardan kreditlər istənilmədən, yalnız öz dövlətimizin resursları ilə həyata keçirilir. Bu, Prezidentimizin güclü iradəsindən və dövlətimizin qüdrətindən xəbər verir".
Mərahim Nəsib
Rəylər