Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Deputatların hərəkət fəaliyyətinə qadağa qoyulur? – İZAH
Aprelin 3-də Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” 2020-ci il 31 mart tarixli 122 nömrəli və “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarlarında dəyişiklik edilib.
Qərarla xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının siyahısına əlavələr olunub.
Həmçinin “Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı”na əlavələr edilib.
Bu siyahıda Milli Məclisin deputatlarının və parlamentin Aparatının əməkdaşlarının adları yoxdur.
Parlamentdən Oxu.Az-a bildirilib ki, Milli Məclisin deputatları və əməkdaşları ilə bağlı məqam Nazirlər Kabinetinin bundan əvvəlki müvafiq qərarlarında öz əksini tapıb. Yəni, onların xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə icazə verilir.
Nazirlər Kabinetinin aprelin 3-də verilən qərarı isə siyahıya əlavə edilən qurumlarla əlaqədardır.
Bu isə parlamentin adının siyahıdan çıxarılması anlamına gəlmir.
Qeyd edək ki, tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək davam edəcək.
Aqşin Kərimov