Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dərs vaxtı şagirdin xəsarət alması iddiasına məktəbdən cavab: "İcazəsiz evə gedib"
Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Şakir Cəfərzadənin dərs zamanı kəllə-beyin travması alması ilə bağlı yeni detallar məlum olub.
Bu barədə Oxu.Az-a Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdən məlumat verilib. Bildirilib ki, şagirdin məktəbdə xəsarət almasına dair valideynin iddiaları ilə bağlı məktəbdaxili araşdırma aparılıb.
"Mayın 27-də, altıncı saat - STEAM dərsi zamanı VII sinif şagirdinin iştirakı ilə heç bir insident baş verməyib. Şagird yeddinci saatdakı STEAM dərsində iştirak etməyib, icazəsiz evə gedib. Məktəbdaxili araşdırma zamanı şagirdin sinif yoldaşları da bunu təsdiq ediblər".
Məktəbdən bildirilib ki, şagirdin dərs prosesində bir neçə gün iştirak etməməsi ilə maraqlanmadığı üçün məktəb rəhbərliyi tərəfindən sinif rəhbərinə xəbərdarlıq olunub:
"Həmçinin, məktəb rəhbərliyi tərəfindən valideyn məktəbə dəvət olunub, onunla müvafiq söhbət aparılıb. Məktəbdaxili araşdırmanın nəticələri haqqında ona məlumat verilib. Şagirdin evdə ziyarət edilməsi və həkim müayinəsinin təşkil olunması təklifini valideyn qəbul etməyib. Tövsiyə olunub ki, valideyn iddiası əsasında hüquq-mühafizə orqanına müraciət edə bilər".
Nəzrin Vahid
Rəylər