"Hazırda T.Bəhramov adına Respublika Stadionunda idman istiqaməti üzrə 62-ci komissiyanın imtahanları keçirilir. İmtahanlarda hər gün 240 nəfərin iştirakı nəzərdə tutulub".
Oxu.Az xəbər verir ki, bunu DİM-in imtahanların Təşkili və İdarə Edilməsi departamentinin böyük məsləhətçisi Elşən Rəhimli Dövlət İmtahan Mərkəzinin jurnalistlər üçün qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə təşkil etdiyi mediatur zamanı deyib.
O qeyd edib ki, imtahanlarda idman federasiyalarının hakim və ekspertləri, "İdman könüllüləri" İctimai Birliyinin könüllüləri, DİM və Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak edirlər:
"İmtahanlar dörd normativ üzrə götürülür - yerindən uzunluğa tullanma, turnikdə dartınma, 100 metr və 1000 metr məsafələrə qaçış üzrə idman hərəkətləridir. Abituriyentlər nəticələrini imtahanın səhəri günü sistemdə, yəni şəxsi kabinetlərində görürlər. Yerində də onlara nəticələr bildirilir. Onlar müvafiq meyarlara baxaraq öz nəticələrini müəyyən edə bilərlər.
Abituriyentlər apellyasiyaya imtahan günü müraciət edə bilərlər. Təkrar imtahan üzrə müraciətlərə baxılmır".
Əzizə İsmayılova