"İmtahan haqqında danışarkən biz daha çox suallar, nəticələr, ballar və statistikadan danışırıq. Amma hər imtahan minlərlə fərqli insan və fərqli həyat şəraiti deməkdir".
Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial media hesabında açıqlayıb.
O qeyd edib ki, DİM üçün ədalətli qiymətləndirmənin vacib prinsiplərindən biri budur: hər hansı imtahan iştirakçısının sağlamlıq imkanları onun bilik və bacarıqlarını nümayiş etdirməsinə mane olmamalıdır:
"Bəzən bunun üçün imtahan zalını dəyişmək lazımdır, bəzən əlavə vaxt vermək. Bəzən sualları oxuyan və cavabları qeyd edən xüsusi təlim keçmiş nəzarətçi ayırmaq, bəzən isə surdoköməkçi cəlb etmək, dinləmə tapşırıqlarını digər tapşırıqlarla əvəz etmək, xüsusi stol-stul hazırlamaq və ya iştirakçının zəruri tibbi cihazla imtahana daxil olmasına şərait yaratmaq gərəkir. Çünki bərabərlik hər kəsə eyni şeyi vermək deyil. Bu, hər kəsin öz biliyini bərabər şərtlərlə nümayiş etdirə bilməsi üçün ehtiyac duyduğu şəraiti yaratmaqdır. Bu yanaşma DİM-in imtahanların təşkili prosesində uzun illərdir tətbiq olunur.
2016-cı ildə sağlamlıq imkanları məhdud və ya inklüziv təhsil alan 132 iştirakçı üçün xüsusi imtahan şəraiti yaradılmışdısa, 2026-cı ildə bu rəqəm 929 nəfərə çatıb. Təkcə 2026-cı ildə 505 nəfər DİM-ə öncədən müraciət edərək ehtiyacına uyğun xüsusi imtahan şəraitinin yaradılmasını xahiş edib.
Bundan əlavə, ixtisaslaşmış xüsusi internat məktəblərinin buraxılış siniflərində təhsil alan 274 şagird üçün imtahan onların təhsil aldıqları müəssisələrdə, zəruri şərait yaradılmaqla təşkil edilib. Bu iştirakçıların ehtiyacları da eyni deyil. 2026-cı ildə müraciət edənlər arasında görmə və eşitmə məhdudiyyəti olan şəxslər, serebral iflic, autizm və epilepsiya spektrində olan iştirakçılar, əlil arabasından istifadə edənlər, yuxarı və aşağı ətraflarında məhdudiyyət olanlar, şəkərli diabet və digər xəstəliklərlə yaşayan şəxslər olub".
Sədr əlavə edib ki, buna görə də yaradılan şərait də fərdi ehtiyaca uyğun müəyyənləşdirilir:
"Görmə məhdudiyyəti olan iştirakçı üçün xüsusi təlim keçmiş nəzarətçi ayrılır, I qrup gözdən əlil şəxslərə əlavə vaxt verilir və vizual tapşırıqlar onların imkanlarına uyğunlaşdırılır. Eşitmə pozuntusu olan iştirakçı üçün zərurət olduqda surdoköməkçi ayrılır və xarici dil üzrə dinləmə mətnləri yazılı tapşırıqlarla əvəz olunur. Hərəkət məhdudiyyəti olan şəxslər üçün uyğun bina, mərtəbə və xüsusi stol-stul seçilir. Zəruri hallarda eşitmə cihazı, lupa, şəkər pompası və digər tibbi vasitələrdən istifadəyə də şərait yaradılır. İmtahanın nəticəsi hər kəs üçün eyni meyarlarla müəyyənləşir. Biz isə həmin nəticəyə gedən yolda heç kimin qarşısında maneə qalmamasına çalışırıq".