İmişli rayonun Bəhramtəpə qəsəbəsində Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobilinin sürət həddini aşması ilə bağlı protokolun yanlış şəxsə göndərilməsi məsələsinə qurum münasibət bildirib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi polis mayoru Rövşən Tağıyev bildirib ki, problem artıq aradan qaldırılıb:
“Yaranmış vəziyyət texniki problemlə bağlıdır. Artıq məsələ öz həllini tapıb. Yanlış göndərilmiş protokolun elektron kabinetdən silinməsi təmin edilib”.
10:42
Azərbaycanda Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobili sürət həddini aşıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.
İmişli rayonun Bəhramtəpə qəsəbəsində sürət həddi 90 km/saat olan yolda 99-YP-978 dövlət nömrə nişanlı yol polisi avtomobili 129 km/saat sürəti ilə radara düşüb.
Qəribəsi isə odur ki, bununla bağlı cərimə protokolu başqa şəxsə göndərilib.
Protokolda isə cərimənin 99-MP-978 dövlət nömrə nişanlı avtomobilə yazıldığı qeyd edilib.