Daxili İşlər Nazirliyi polis polkovnik-leytenantının ölümünə səbəb olan yol qəzası ilə bağlı məlumat yayıb.
Oxu.Az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 3-də Pirallahı rayonu Dübəndi qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Fuad Allahverdiyevin idarə etdiyi “Mercedes”, Bayramqulu Ağayevin idarə etdiyi “Volkswagen” və Elşad Ağayevin idarə etdiyi “QAZ-21” markalı avtomobillər toqquşub.
Nəticədə F.Allahverdiyev hadisə yerində ölüb, sərnişini, azyaşlı oğlu Yusif, habelə B.Ağayev və sərnişinləri Rasim Süleymanov, Əlvanə Məmmədova və onun azyaşlı qızı Aysu xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
11:34
Bakıda ağır yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, Pirallahı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə avqustun 3-də Dübəndi qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Fuad Ramiz oğlu Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Bayram Ağayevin idarə etdiyi “Volkswagen” markalı maşınla toqquşub.
Nəticədə F.Allahverdiyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Polisdən həmçinin bildirilib ki, qəza zamanı dünyasını dəyişən F.Allahverdiyev Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin avtonəqliyyat şöbəsinin əməkdaşıdır. O polis polkovnik-leytenantı rütbəsi daşıyıb.
Faktla bağlı araşdırma aparılır.