Bakıda uşaq sevgisinə sığınaraq insanlardan xərac alan dələduz peyda olub.
Həmin dələduz bu gün Bakının Nizami rayonunda fəaliyyət göstərən mağazaların sahiblərinə hədə-qorxu gələrək onlardan pul toplayıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu gün Nizami rayonu, Qara-Qarayev küçəsində fəaliyyət göstərən uşaq paltarları və kompüter mağazasına daxil olan bir şəxs özünü dövlət qurumunun və nüfuzlu KİV-lərdən birinin əməkdaşı kimi təqdim edib.
O mağazanın satıcılarından və sahibkarlarından pul alaraq aradan çıxıb. Pul alarkən isə həmin vəsaitin yardıma ehtiyacı olan körpələrə xərclənəcəyini deyib.
Onun dələduz olduğunu sonradan anlayan mağaza sahibləri polisə şikayət ediblər.
Hazırda onun barəsində Nizami rayon Polis İdarəsinə müraciət edilib.
Məsələyə Nizami rayon Polis İdarəsinin münasibətini öyrənməyə çalışsaq da, bölmədə zənglərimizə cavab verən olmadı.