Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
DNT analizi üçün bioloji materialın götürülməsi qaydası müəyyənləşdi
Ölkə prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanunu imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, bu qanun Azərbaycanda dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyən edir, habelə bu sahədə yaranan ictimai münasibətləri tənzimləyir.
Qanuna əsasən, ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslər, şəxsiyyətinin başqa üsullarla müəyyənləşdirilməsi mümkün olmayan, habelə səhhətinə və ya görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər, xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları (bioloji valideynlər və ya övladları ilə birlikdə ər (arvad) məcburi dövlət genom qeydiyyatından keçirilirlər.
Naməlum meyitlər də genom qeydiyyatından keçirilməlidirlər.
Bu şəxslərdən və naməlum meyitlərdən bioloji material (Aşkar olunmuş insandan, naməlum meyitdən DNT analizinin keçirilməsi məqsədilə götürülmüş qan, tüpürcək, tük, dırnaq, dəri, tər, sperma, orqanizmin digər ifrazatları, diş, sümük və digər toxuma nümunələri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən götürülür.
Qanunda qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilən bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göndərilən bioloji materialın məlumatından bu qeydlər olmalıdır:
Məcburi dövlət genom qeydiyyatından keçirilən şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı yer üzrə qeydiyyatı haqqında məlumatlar, genom qeydiyyatının aparılmasının əsası və tarixi, bioloji materialı götürmüş, məlumatı hazırlayan icra hakimiyyəti orqanının adı.
DNT analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
DNT Məlumat Bankında əksini tapmış məlumatların saxlanılması müddətləri də müəyyənləşib.
Belə ki, ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslərlə bağlı məlumatlar onların doğum tarixindən 100 il müddətində və ya ölüm faktı müəyyən edilənədək, xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları (bioloji valideynlər və ya övladları ilə birlikdə ərin (arvad)) ilə bağlı məlumatlar itkin düşmüş şəxslərin doğum tarixindən 100 il müddətində və ya onun şəxsiyyəti müəyyən edilənədək, şəxsiyyətinin başqa üsullarla müəyyənləşdirilməsi mümkün olmayan, habelə səhhətinə görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər, naməlum meyitlər barədə məlumatlar isə onların şəxsiyyəti müəyyən edilənədək (lakin 80 ildən çox olmamaqla) saxlanılır.
Bununla yanaşı, cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin, müvəqqəti və ya daimi yaşamaq icazəsinin alınması üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin (15 yaşınadək uşaqlar istisna olmaqla), Cinayət, İnzibati Miqrasiya məcəllələrinə uyğun olaraq Azərbaycanın hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, Azərbaycanda siyasi sığınacaq almaq, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslərin də belə qeydiyyatı aparılacaq.
Sənədə əsasən, naməlum meyitlər də məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməlidirlər.
Qanunda göstərilib ki, dövlət daktiloskopik qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış daktiloskopik məlumatın (insanın şəxsiyyətini müəyyən etməyə imkan verən onun əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri haqqında məlumat) maddi daşıyıcılarının nüsxəsi ölkə üzrə vahid məlumat bankında saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir.
Həmin nüsxədə bunlar qeyd olunmalıdır: Məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar, qeydiyyatın aparılmasının əsası və tarixi.
Dövlət orqanları xidməti məxfilik rejimində daktiloskopik məlumatların mühafizəsini təmin edir, onların vəzifəli şəxsləri isə həmin məlumatların saxlanılması qaydalarını pozmağa və qeyri-qanuni istifadə edilməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Qanun bu həftədən - sentyabrın 1-də qüvvəyə minəcək. Bundan sonra isə hazırda qüvvədə olan “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” qanun isə qüvvədən düşəcək.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev: "Təyyarə qəzası ilə bağlı məsələ tam araşdırılmalıdır"
- Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
- Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
- Prezident tapşırıq verdi: Qəzada həlak olan və xəsarət alanların ailələrinə yardım göstəriləcək
- Dekabrın 26-da Azərbaycanda matəm elan edildi - SƏRƏNCAM
Rəylər