Dövlət bağçalarından birində valideynlərdən aylıq ödəniş və əlavə xərclər tələb olunduğu iddia edilib.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Valideyn qeyd edib ki, 82 saylı uşaq bağçasında uşağın bağçaya qəbulu zamanı onlara aylıq 80 manat ödəniş etməli olduqları və məbləğin hər ayın 1-dən 10-dək ödənilməli olduğu bildirilib.
"Biz sənədləri verməyə gedəndə dedilər ki, aylıq 80 manat ödəyəcəksiniz. Bundan əlavə, təmizlik vasitələri və digər ləvazimatlar da alınmalıdır. Hədiyyələr və sair xərclər də tələb olunur", - deyə müraciətdə qeyd olunub.
Şikayətçi dövlət bağçalarında bu cür aylıq ödənişlərin hansı əsasla tələb olunduğuna aydınlıq gətirilməsi üçün aidiyyəti qurumun "WhatsApp" nömrəsinə məlumat verdiyini, lakin bununla bağlı hər hansı nəticə olmadığını bildirib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, paytaxtdakı 82 nömrəli uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı araşdırma aparılır.
"Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılmaqdadır.
Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir", - deyə məlumatda bildirilib.