Ekvador məhkəməsi ölkənin sabiq prezidenti Abdala Bukaramı 9 il 4 ay müddətinə azadlıqdan məhrum edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Keçmiş dövlət başçısı COVID-19 pandemiyası dövründə tibbi ləvazimatların və sürətli testlərin alınması zamanı qanunsuz gəlir əldə etməkdə təqsirli bilinib.
İstintaqın məlumatına əsasən, cinayət sxemini quran dörd nəfərə hökm oxunub. Qruplaşmaya sabiq prezidentlə yanaşı, onunla eyni cəzanı alan oğlu Xakobo Bukaram da daxil olub. Üçüncü iştirakçı olan sabiq yol polisi əməkdaşına 13 il həbs cəzası təyin olunub. Təqsirləndirilən digər şəxs - İsrail vətəndaşı isə istintaqla əməkdaşlıq etdiyi üçün 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Baş Prokurorluğun araşdırmasına görə, dəstə 2020-ci ilin martından avqust ayınadək 21 min ədəd COVID-19 sürətli testi və müxtəlif dərman preparatları alaraq qeyri-qanuni qazanc əldə edib. Tibbi ləvazimatlar siyasətçinin iqamətgahında saxlanılıb, daha sonra isə dövlətə vergi ödənilmədən müxtəlif əyalətlərdə satışa çıxarılıb.
Bu işlə bağlı məhkəmə prosesləri ümumilikdə altı ildir davam edir. 2020-ci ilin avqustunda təqsirləndirilən şəxslərdən biri ifadə verdikdən bir neçə gün sonra cəzaçəkmə müəssisəsində qətlə yetirilib. Müdafiə tərəfi məhkəmənin qərarına münasibət bildirməsə də, onların apellyasiya şikayəti vermək hüququ qalır.
Qeyd edək ki, 74 yaşlı Abdala Bukaram 1996-cı ilin avqustundan 1997-ci ilin fevralına qədər prezident vəzifəsini icra edib. Ekvador qanunlarına görə, keçmiş prezidentin yaşı nəzərə alınaraq o, cəzasını ev dustaqlığında çəkə bilər. Ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilən sabiq ölkə lideri məhkəmə iclasına videobağlantı formatında qatılıb.