Dövlət qulluğuna qəbul üçün oktyabrın 8-də keçirilən test imtahanının nəticəsi elan olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildiriliib ki, kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri DİM-in saytında yerləşdirilib.
Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə iş nömrəsni “7727” nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2079 namizəddən 40 nəfər imtahana gəlməyib.
İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 23 nəfər, BA2 altqrupu üzrə 36 nəfər, BA3 altqrupu üzrə 63 nəfər, BA4 altqrupu üzrə 55 nəfər, BB1 altqrupu üzrə 171 nəfər, BB2 altqrupu üzrə 210 nəfər, BB3 altqrupu üzrə 269 nəfər, BB4 altqrupu üzrə 260 nəfər olmaqla, ümumilikdə 1087 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün oktyabrın 10-dan 23-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 10 oktyabr saat 10:00-dan 12 oktyabr 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Rəylər