Kubra Məhərrəmova yazır...
Dövlət və dövlətçilik hər şeydən üstün, bütün maraqlardan irəlidə olmalıdır.
Bu, elə bir anlayışdır ki, əsrlər, qərinələr keçsə də onun mahiyyəti, məqamı dəyişmir.
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat Xidməti məlumat yaydı: "Xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs ediliblər".
DTX tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bəlkə də baş verə biləcək çox böyük bir faciənin qarşısı alındı.
Gəlin məsələyə detallı yanaşaq.
Birincisi, bu şəxslər İŞİD terror təşkilatının "Vilayəti-Xorasan" silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girib, onlardan təlimat alıblar. Təbii ki, bu "əməliyyat" üçün pul da alıblar. Hər nə qədər "idealist", "fanatik" olsalar da, heç biri havayı evindən küçəyə çıxmayıb. Ələlxüsus "əməliyyat" üçün riskləri də hesablayıb "qonorar" alıblar.
İkincisi, gəlin saxlanılanların təvəllüd və dini ləqəblərinə diqqət edək: Azərbaycan Respublikasının vətəndaşları - 2000-ci il təvəllüdlü, "Abu Zər əl-Mühacir" dini ləqəbli İlqar İlham oğlu Quliyev, 2005-ci il təvəllüdlü, "Abdurəşid" dini ləqəbli Amin Elşad oğlu Piriyev və 2005-ci il təvəllüdlü, "Abdurrahman əl-Azəri" dini ləqəbli Elvin Sənan oğlu Əlizadə.
Deməli, 2000-2005-ci il təvəllüdlü şəxslər düşünüblər ki, İŞİD-ə qoşulsalar böyük pullara əlləri çatacaq. Bütün bu din, "Vilayəti-Xorasan" söhbətlərinin arxasında adi insan faktoru durur. Pula hərislik, daha yaxşı yaşamaq.
Sadəcə burada qızıl qayda yada düşür. Havayı pendir ancaq siçan tələsində olur. Təbii ki, bu şəxslər ideoloji manipulyasiya, psixoloji təsirə də məruz qalıblar ki, onlara əmr verənlərin qarşısında mil durublar.
Sadəcə maraqlıdır ki, bu dəstənin "kuratoru" kim olub? Yəni həqiqətən düşünüblər ki, onların "sevdası" baş tutacaq? Yoxsa, hadisənin mahiyyətini dərk etməyən "əhli-kef" adamlar olublar?
Çünki hər kəs anlamalıdır ki, Azərbaycan dövlətinin əzəli qaydası var. Ərazisində yaşayan, millətindən, dinindən, irqindən asılı olmayaraq hər kəsi qorumaq.
Bu dəstə öz aləmində əməliyyatı həyata keçirmək istəyəndə (qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hücumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən) DTX-nin əməkdaşları tərəfindən saxlanılıblar.
Nəzərinizə çatdırım ki, bu ilk belə əməliyyat deyil. Dəfələrlə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dini düşmənçilik zəminində Bakı şəhərində cinayət törətmək istəyən onlarla, bəlkə də yüzlərlə hadisənin qarşısını alıb. Təbii ki, məsələyə və hadisəyə görə ictimaiyyətə açıqlananı var, açıqlanmayanı var.
Bu hadisə fonunda təsadüfə bax ki, düz üç il əvvəl, 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə terror hücumu olmuşdu. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla səfirlik əməkdaşlarına atəş açmışdı. Hadisə nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovu həyatını itirmişdi. Hücumun dəf edilməsi zamanı isə daha iki mühafizəçi yaralanmışdı.
30 yanvarda səfirliyin əməkdaşları Tehrandan təxliyə olundular və səfirliyin fəaliyyəti dayandırıldı.
Terror aktına İran hakimiyyətinin cavabı isə "kişi arvadını axtarır" cavabı olmuşdu.
Daha sonra ortaya İran hakimiyyəti tərəfindən "su bulandırılması" əməliyyatı atıldı. Guya Hüseynzadə əraziyə iki azyaşlı uşaqla gəlib. Lakin səfirliyin təhlükəsizlik kameralarının görüntülərində onun əraziyə tək və silahla gəldiyi aydın oldu.
Rəsmi Bakının siyasi iradəsi nəticəsində uzun çək-çevirdən sonra İran hakimiyyəti nəhayət adamı edam etdi.
Bu gün qarşımızda iki eyni hadisə var. Biri Bakıda, digəri Tehranda.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda baş verə biləcək dini düşmənçilik zəminində terrorun qarşısını alır. Rəsmi Tehran isə Orxan Əsgərovun cənazəsini Bakıya göndərir. Azərbaycan Səfirliyinin digər nümayəndələrini isə terrorla üz-üzə qoyur. Hətta səfirliyin qarşısında guya keşik çəkən "İran polisi" də terrorçuya əl sallayıb onun rahat şəkildə Azərbaycan səfirliyinə keçməsinə şərait yaradır.
Hadisənin baş verməsindən qısa zaman sonra İran tərəfinin manipulyasiya, məlumat vakuumu yaratmaq istəməsinin qarşısını Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə və səfirlik əməkdaşları aldılar. Cəsur və açıq sözlə danışdılar. Bütün videomateriallar internetin açıq mənbələrinə yerləşdirildi.
Bu gün diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun İranda qətlə yetirildiyi gündür. Ruhu şad, məqamı yüksək olsun. Allah rəhmət eləsin.
Eyni zamanda Bakıda növbəti terror aktının qarşısının alındığı gündür. Fərqi görürsünüz ümid edirəm. Dövlətlərin münasibətini də görürsünüz. Qürurunu da.
Dövlət şahdır! Hər zaman da şah olacaq. Heç bir dini təriqət, heç bir "qardaşlıqlar", "bacılıqlar", "kərimə dövləti" qurmaq istəyənlər bu dövlət durduqca, onun güc strukturları durduqca, hüquq-mühafizə orqanları olduqca heç nəyə nail ola bilməyəcəklər. Üçrəngli bayrağımız hər zaman dalğalanacaq. Sadəcə gənclərimizə yiyə durmalıyıq. Onların həyatını asanlaşdırmalı, onlara dəstək olmalıyıq ki, zəhərli fikirlər onların beynini zəhərləməsin.