Azərbaycan Uşaq Fondunun ofisinin boşaldıldığı iddia olunur.
Oxu.Az xəbər verir ki, bu barədə fondun sədri Zəhra Bədəlbəyli sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, rəhbərlik etdiyi qurumun ofisindəki otaqlar hazırda heç bir rəsmi sənəd təqdim edilmədən boşaldılır.
Z.Bədəlbəylinin sözlərinə görə, özlərini Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları kimi təqdim edən şəxslər fondun ofisində boşaltma işləri aparırlar.
Fondun sədri qeyd edib ki, qurum Nazirlər Kabinetinin qərarı əsasında 24 ildir həmin ünvanda fəaliyyət göstərir.
"Rəhbərlik etdiyim fondun ofisi hazırda qanunsuz şəkildə boşaldılır. Özlərini Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları kimi təqdim edən şəxslər bizə heç bir sənəd təqdim etmədən bu işi görürlər. Biz isə burada Nazirlər Kabinetinin qərarı ilə 24 ildir fəaliyyət göstəririk. Bizi 24 ildir fəaliyyət göstərdiyimiz yerdən şifahi göstəriş əsasında çıxarırlar", - deyə Z.Bədəlbəyli bildirib.
Əmlak Məsələləri Dövlət Xidmətindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mediada Azərbaycan Uşaq Fondunun yerləşdiyi "Hökumət evi"ndən çıxarılması ilə bağlı yayılan məlumatlar reallığı təhrif olunmuş şəkildə əks etdirir:
"Tarixi memarlıq abidəsi olan "Hökumət evi"ndə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı fonda ayrılmış sahədən təyinatı üzrə səmərəli istifadə edilmədiyi, ona ayrılmış sahənin yalnız bir hissəsinin istifadə olunduğu müəyyən edilib. Bununla yanaşı, fond üç il ərzində kommunal-istismar xərcləri üzrə borcunu ödəməmiş, 2026-cı il üzrə kommunal-istismar müqaviləsinin rəsmiləşdirilməsindən isə imtina edib.
Fondun nümayəndələrinə borcun ödənilməsi və sahədən səmərəli istifadə edilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir tədbir görülməyib.
Bununla əlaqədar, fonda ayrılmış sahənin bir hissəsi boşaldılıb, fonda aid əşyalar onun nümayəndələrinin iştirakı ilə, heç bir zərər yetirilmədən sahənin digər hissəsinə köçürülüb", - deyə məlumatda bildirilib.