Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) Böyük Vətən müharibəsi iştirakçılarına eynivaxtlı maddi yardım ödənilməsini təmin edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, fondun rəhbəri Elman Mehdiyevin jurnalistlərə dediyi kimi, dövlət başçısının göstərişinə əsasən Böyük Vətən müharibəsinin iştirakçılarına 700 manat məbləğində maddi yardım göstərilib.
Müharibə və ya döyüşlər nəticəsində vəfat edənlərin həyat yoldaşlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif edilmiş, ordu və donanmanın maraqlarında olan tapşırıqları arxa cəbhədə yerinə yetirən xüsusi təyinatlı qrupların işçiləri və ya İkinci Dünya müharibəsi illərində donanma və ya operativ zonalarda çalışan, Leninqradın müdafiəsində müvafiq medal və döş nişanları ilə təltif edilmiş şəxslər, eləcə də Leninqrad blokadasının iştirakçıları 300 manat məbləğində maddi yardım alıblar.
E.Mehdiyevin sözlərinə görə, 700 manat məbləğində yardım alan şəxslərin ümumi sayı 1 707 nəfər, 300 manat məbləğində yardım alan şəxslərin sayı isə 21 172 nəfərdir.