9 may Faşizm üzərində qələbə günü yaxınlaşır. Və artıq qəbul edilmiş bir qayda olaraq istifadəçilərin çoxu öz profil şəkillərini qürur hissi ilə Georgi lenti ilə əvəz edəcəklər.
Əslində isə Georgi lentinin bu qələbəyə heç bir aidiyyatı yoxdur. Babaları və ulu babaları bu müharibədə qan tökən bir nəsil olaraq bunu bilməyimiz lazımdır.
Bu simvolun yaranma tarixi “Georgi” ordeninin təsis olunduğu, 18 əsrə gedib çıxır. Orden 4 sinfə bölünür. Ordenin birinci dərəcəsi üç işarə: xaç, ulduz və üç qara və iki narıncı zolaqlı lentdən ibarət idi. Onu sağ çiyni üzərindən mundirin altında gəzdirirdilər.
İkinci dərəcə ulduz və böyük xaçdan ibarət idi, boğazda və daha nazik lentdən asılırdı. Üçüncü dərəcə kiçik xaçdan ibarət idi və boğazdan asılırdı, dördüncü dərəcə kiçik xaçdan ibarət idi və ilgəkdən asılırdı.
1806-cı ildə rus ordusunda mükafat olaraq Georgi bayraqları təsis edildi.
1855-ci ildə Krım müharibəsi zamanı Georgi lentinin rəngləri artıq mükafat verilən zabit silahlarında peyda oldu. Mükafat növü kimi qızıl silah rus zabiti üçün Georgi ordenindən heç da aşağı mükafat deyildi.
Rus imperator ordusunun mövcud olduğu müddət ərzində Georgi lentləri, öz ilkin formalarında bu ordunun tarixində yer alıblar.
Müqəddəs “Georgi” ordeninin kavalerləri bəzi mənfi şəxsiyyətlər də olub. Məsələn, Sovet hakimiyyətinin qatı düşməni, üçüncü Reyxin kazak qoşunlarının rəisi olan general Pyotr Krasnov, Ağların generalı, sonradan isə SS qruppenfürreri Andrey Şkuro, SS qruppenfürreri Rudolf Bangerski, Rusiya xalqlarının azad edilməsi faşist komitəsinin Silahlı Qüvvələrinin II korpusunun komandiri, general-mayor Anton Turkul, Rusiya xalqlarının azad edilməsi komitəsinin Hərbi-hava qüvvələrinin qərargahının təbliğat şöbəsinin rəisi mayor Aleksandr Albov olub. Bu sadaladığımız şəxslər bizim əcdadlarımızın qan tökərək, həyatlarını qurban verərək mübarizə apardığı faşizmi dəstəkləyirdilər.
Georgi lentinin qara-narıncı rəngləri Rusiyada hərbi şücaətin və şöhrətin simvoluna çevrildi. Nəzərə alın ki, məhz Rusiyada, SSRİ-də deyil...
SSRİ mükafat sistemində bu lent “Qvardiya lenti” adlanan orden lentinin prototipi oldu. Belə ki, BVM illərində 1943-cü il 8 sentyabr tarixində üç dərəcəli “Şöhrət” ordeni təsis edilir. Onun statusu və sarı-qara rəngli lenti Georgi xaçını xatırladırdı. Yəni BVM illərində heç bir Georgi lenti yox idi, sadəcə bu lenti xarici görünüşü ilə xatırladan “Şöhrət” ordeni mövcud idi.
1992-ci ildə mart ayının 2-də Rusiya Federasiyasının Ali Rəyasət heyətinin “RF Dövlət mükafatları haqqında” Fərmanı ilə “Müqəddəs Georgi” ordeninin və “Georgi xaçı” fərqlənmə nişanının bərpası barədə qərar qəbul edilib.
Beləliklə, 2005-ci ilin yazında “RİA Novosti” və ROOSPM “Tələbə cəmiyyəti”nin təşəbbüsü ilə Rusiya şəhərlərinin küçələrində “Georgi lenti” peyda oldu. Bu aksiya təbii yarandı, onun əsas məqsədi Böyük Vətən müharibəsinin foto və tarixinin dərc edilməsi olan, “Bizim qələbə” internet-layihədən meydana gəldi. Lent təntənəli tədbirlərin, veteranlarla ənənəvi görüşlərin, Rusiya Federasiyasının şəhərlərində keçirilən bayram gəzintilərinin özünəməxsus atributu oldu.
Yəni beləliklə, Rusiya faşizm üzərində qələbənin bütün şöhrətini mənimsəyir. Həmin müharibədə canından keçən 300 000 əcdadımız sanki heç olmayıb. Amma üçüncü Reyxlə müharibədə Rusiya deyil, məhz SSRİ qalib gəlib. Ruslarla çiyin-çiyinə digər respublikaların da vətəndaşları döyüşüblər. Çətin ki, Rusiya təkbaşına belə qələbə qazana bilərdi.
Ona görə də 9 may günü öz səhifələrinizdə Georgi lentinin əksini bölüşməzdən əvvəl, bu mükafata ölkəmizin qəmli tarixi səhifələrində rolu çox yaxşı məlum olan Sisianov və Yermolov kimi adamların da layiq görüldüyünü xatırlayın.
Aliyə İsmayılzadə
www.oxu.az