Azərbaycanda son 15 ildə ümumi təhsil müəssisələrində təhsilalanların sayı 350 min nəfərdən çox artıb, əsas heyətdə çalışan müəllimlərin sayı isə 29 minə qədər azalıb.
Oxu.Az bu barədə rəsmi statistikaya istinadən xəbər verir.
Belə ki, 2010/2011-ci tədris ilinin əvvəlində ölkənin ümumi təhsil müəssisələrində 1 milyon 324 min 564 nəfər təhsil alıb. 2025/2026-cı tədris ilinin əvvəlində bu göstərici 1 milyon 674 min 636 nəfərə çatıb. Beləliklə, təhsilalanların sayı 350 min 72 nəfər, yaxud 26.4 faiz artıb.
Həmin dövrdə əsas heyətdə çalışan müəllimlərin sayı 172 min 579 nəfərdən 143 min 727 nəfərə düşüb. Azalma 28 min 852 nəfər, yaxud 16.7 faiz təşkil edib. Ölkə üzrə əsas heyətdəki bir müəllimə düşən təhsilalan sayı 7.7-dən 11.7-yə yüksəlib.
Dövlət ümumi təhsil müəssisələrində 15 il ərzində təhsilalanların sayı 330 min 638 nəfər artaraq 1 milyon 648 min 761 nəfərə çatıb. Eyni dövrdə əsas heyətdəki pedaqoqların sayı 31 min 537 nəfər azalaraq 139 min 898 nəfərə düşüb.
Qeyri-dövlət ümumi təhsil müəssisələrində isə hər iki göstərici artıb. Təhsilalanların sayı 6 min 441 nəfərdən 25 min 875 nəfərə, əsas heyətdəki təhsilverənlərin sayı 1 144 nəfərdən 3 829 nəfərə yüksəlib.
Ölkə üzrə qadın müəllimlərin sayı 127 min 479 nəfərdən 118 min 816 nəfərə ensə də, onların əsas heyətdəki payı 73.9 faizdən 82.7 faizə yüksəlib.
Son bir tədris ilində isə ölkə üzrə həm təhsilalanların, həm də müəllimlərin sayı azalıb. 2024/2025-ci tədris ilinin əvvəli ilə müqayisədə təhsilalanların sayı 20 min 460 nəfər, əsas heyətdəki müəllimlərin sayı 2 min 654 nəfər azalıb. Ümumi təhsil müəssisələrinin sayı da həmin müddətdə 4 357-dən 4 195-ə düşüb.