Azərbaycanda müəllimlərə tətil günlərində açıq dərs keçmələri ilə bağlı tapşırıq verildiyi iddia olunur.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı sosial şəbəkədə müəllimlərdən biri paylaşım edib.
Şəkidəki məktəblərin birində işləyən pedaqoq bildirib ki, onlara dayaq məntəqəsi üçün açıq dərs keçmək tapşırılıb. Lakin tətil günləri olduğundan şagirdlərin bir qismi müxtəlif yerlərdədir və davamiyyəti təmin etmək mümkün olmur.
O, qərarın bütün regionlara aid olub-olmadığını, yoxsa yalnız çalışdığı ərazidə tətbiq edildiyini öyrənmək istədiyini diqqətə çatdırıb.
Müəllim əlavə edib ki, 7-8 şagirdin iştirakı ilə keyfiyyətli açıq dərs təşkil etmək mümkün olmayacaq:
"Heç vaxt belə mənasız dərs keçməmişəm".
Paylaşım müəllimlər arasında müzakirələrə səbəb olub. Digər regionlarda işləyən təhsilverənlər də belə bir tapşırığın olduğunu təsdiqləyiblər.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.