Ölkəmizdə 30 yaşadək gənc tədqiqatçıların sayının cəmi bir il ərzində 30.9 faiz azalması elmimizin gələcəyi ilə bağlı ciddi suallar yaradır. 2024-cü ildə elmi tədqiqat müəssisələrində çalışan gənc tədqiqatçıların sayı 1 818 nəfər olduğu halda, 2025-ci ildə bu rəqəm 1 257 nəfərə düşüb. Halbuki eyni dövrdə ölkə üzrə tədqiqatçıların ümumi sayında artım qeydə alınıb. Bəs bu ziddiyyət nə ilə bağlıdır? Bu tendensiya gələcəkdə ölkənin elmi potensialına necə təsir göstərə bilər və vəziyyətdən çıxış yolu nədədir?
Mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov "Kaspi" qəzetinə müsahibə verib.
Oxu.Az həmin müsahibəni təqdim edir:
Yanlış yanaşmaların nəticəsi

- İlqar müəllim, sizcə, 30 yaşadək gənc tədqiqatçıların sayının azalmasının əsas səbəbləri nələrdir? Bu, elmə marağın azalmasıdır, yoxsa gənclərin elmi müəssisələrdə işləmək və qalmaq imkanları ilə bağlı problemdir?
- Hesab edirəm ki, statistikada əks olunan kəskin azalma təkcə gənclərin elmə marağının azalması ilə izah oluna bilməz. Bu, bilavasitə elmi müəssisələrin təklif etdiyi iş şəraiti, iqtisadi stimullaşdırma mexanizmləri və karyera perspektivləri ilə bağlı yanlış yanaşmaların obyektiv nəticəsidir. Fikrimcə, ciddi azalmanın arxasında dayanan əsas sosial-iqtisadi səbəbləri bir neçə mühüm amillə xarakterizə etmək olar.
Ən mühüm amil elmi müəssisələrdəki əməkhaqqı sisteminin müasir əmək bazarının, xüsusilə də çevik özəl sektorun təklif etdiyi maddi təminatla rəqabət apara bilməməsidir. 30 yaşadək perspektivli gənclər magistratura və doktorantura mərhələlərinə maraq göstərsələr də, fəaliyyətə başladıqları dövrdə qarşılaşdıqları aşağı əməkhaqqı və zəif iqtisadi stimullar onların elmi karyeradan uzaqlaşaraq biznes, İT və beynəlxalq korporativ sektora üz tutmalarına səbəb olur.
İkinci mühüm amil elmi müəssisələrin daxili idarəetmə strukturlarında fərdi bacarıq və elmi fəaliyyətin nəticələrinə əsaslanan yüksəliş prinsiplərinin ləng tətbiq edilməsidir. Gənclər uzun illər eyni elmi statusda qalacaqlarını anladıqda, alternativ peşəkar fəaliyyət sahələrinə üstünlük verirlər.
Bir çox elmi laboratoriya və institutların maddi-texniki bazasının gənclərin müasir, beynəlxalq səviyyəli tədqiqatlar aparmaq, böyük həcmli verilənlərlə işləmək və innovativ texnologiyalar tətbiq etmək istəklərinə tam cavab verməməsi də problemin səbəblərindəndir.
Məsələnin digər tərəfi elmi müəssisələrin idarə edilməsində və maliyyə fəaliyyətində tətbiq olunan səmərəsiz yanaşmalarla bağlıdır. Elmi institutların publik hüquqi şəxs statusuna malik olmasına baxmayaraq, onların hələ də əsasən dövlət büdcəsindən asılı qalması strateji idarəetmə baxımından çatışmazlıqdır. Müəssisələr daxili potensiallarından yararlanaraq əlavə gəlir mənbələri formalaşdırmalı, beynəlxalq və yerli qrant layihələrindən vəsait əldə etməli, ən əsası isə elm, sənaye və biznes arasında əməkdaşlıq qurmalıdırlar.

Sənaye nəhəngləri ilə müqaviləli tərəfdaşlıq
- Beynəlxalq təcrübədə gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması və akademik mühitdə saxlanılması üçün hansı mexanizmlər tətbiq edilir?
- Elmtutumlu və müasir innovasiya iqtisadiyyatına malik ölkələrdə gənclərin elmi fəaliyyətə cəlb olunması və akademik mühitdə saxlanılması tətbiqyönümlü ekosistem və intellektual sahibkarlıq mexanizmləri əsasında qurulub. Xüsusilə ABŞ, Almaniya, Cənubi Koreya, Sinqapur, Çin və Yaponiya kimi ölkələrin qlobal elmi mərkəzlərində gənc tədqiqatçılar yalnız nəzəri məqalələr yazmaqla kifayətlənmirlər. Onlar ilk gündən universitetlərdə fəaliyyət göstərən, dövlət və özəl sektor tərəfindən birgə maliyyələşdirilən müştərək araşdırma mərkəzlərinə cəlb olunurlar.
Məsələn, Almaniyanın dünyaca məşhur Fraunhofer Cəmiyyətinin modelində fundamental elmi yeniliklərin sənaye tərəfdaşlarına satılması və lisenziyalaşdırılması mexanizmi tətbiq olunur. Bu fəaliyyətdən əldə edilən gəlirin müəyyən hissəsi gənc alimlərin fərdi patent və müəllif hüquqları ilə əlaqələndirilərək onların maddi təminatına yönəldilir. Bu mütərəqqi sistem gənc tədqiqatçını sadəcə muzdlu işçi deyil, öz elmi məhsulunun sahibi olan intellektual sahibkar kimi formalaşdırır. Eyni zamanda, gənc alimlərə tədqiqat institutunu yüksək gəlir potensialına malik intellektual startap platforması kimi görmək imkanı verir.
Sinqapurun Elm, Texnologiya və Tədqiqat Agentliyinin modelində, eləcə də Çin və Yaponiyanın müasir texnologiya parklarında qlobal sənaye nəhəngləri ilə gənc tədqiqatçılar arasında birbaşa müqaviləli tərəfdaşlıq qurulur. Elmi məhsulların kommersiyalaşdırılmasından əldə olunan gəlirin tədqiqatçıların fərdi stimullaşdırılmasına yönəldilməsi elmi-akademik fəaliyyəti gənclər üçün daha cəlbedici və dinamik karyera seçiminə çevirir.

Konkret və hədəfyönümlü addımlar
- Sizcə, Azərbaycanda gənclərin elmə marağını artırmaq və elmi müəssisələrdə dayanıqlı fəaliyyətini təmin etmək üçün hansı konkret addımlar atılmalıdır?
- İlk növbədə, gənc kadrlar üçün fərqləndirilmiş əməkhaqqı əlavələri və fərdi mükafatlandırma mexanizmləri tətbiq olunmalıdır. Lakin çıxış yolu yalnız fərdi elmi məqalələrin çapına əsaslanan stimullaşdırma ilə məhdudlaşmamalıdır. Xüsusilə fundamental elmi tədqiqatlarla məşğul olan müəssisələr elmi innovasiyaları konkret məhsula çevirməyi bacarmalıdırlar. Elmi məhsulların sənayeyə ötürülməsi hesabına əlavə vəsait qazanılmalı, bu gəlirlər əməkdaşların fəaliyyətinə görə əlavə maddi stimulların verilməsinə yönəldilməlidir. Beləliklə, elmi-akademik fəaliyyət gənclər üçün real şəkildə cəlbedici ola bilər.
İkincisi, gənclərin müstəqil tədqiqatlarını maliyyələşdirmək üçün dövlət tərəfindən xüsusi "Gənc Alimlərin İnnovasiya Qrantları" proqramları təsis edilməli, onların sənaye və biznes əməkdaşlığı çərçivəsində real layihələrə rəhbərlik etmələrinə şərait yaradılmalıdır.
Daha köklü islahatlara ehtiyac
- Gənclər üçün elmi karyeranı cəlbedici edən əsas amillər hansılardır?
- Müasir gənc tədqiqatçı üçün ən güclü daxili motivasiyalardan biri onun adının nüfuzlu qlobal elmi bazalarda indekslənən məqalələrdə yer alması, xarici laboratoriyalar və universitetlərlə birgə layihələrdə iştirak etmək imkanıdır. Beynəlxalq akademik mühitə inteqrasiya, sərbəst tədqiqat imkanları və daxili qiymətləndirmə sistemlərinin obyektivliyi gənclər üçün elmi karyeranı cəlbedici edir.
Eyni zamanda, elmi nəticələrin və ixtiraların birbaşa tətbiqi və kommersiyalaşdırılması, yəni elmi fəaliyyətin real iqtisadi dəyərə çevrilməsi imkanı gənclərin akademik mühitə bağlılığını təmin edən əsas motivasiya mənbələrindəndir.

- Gənc alimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində Azərbaycanda indiyədək hansı addımlar atılıb və bu təşəbbüslər hansı nəticələri verib?
- Gənc alimlərin fəaliyyətini stimullaşdırmaq məqsədilə ölkəmizdə indiyədək müxtəlif və sistemli addımlar atılıb. Rəhbərlik etdiyim Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti tərəfindən 2003-cü ildən başlayaraq ardıcıl və məqsədyönlü layihələr həyata keçirilib, gənc alimlərin beynəlxalq elmi tədbirlərdə iştirakına və peşəkar inkişafına yönələn çoxsaylı proqramlar icra olunub.
Bu çərçivədə gənclərin milli və beynəlxalq səviyyədə mobilliyi genişləndirilib, hazırlanan strateji dövlət sənədlərinə bu kateqoriyadan olan gənclərlə bağlı ayrıca müddəaların daxil edilməsinə nail olunub. Həmçinin gənc alimlərin Gənclər üçün Prezident Mükafatına layiq görülmələri ilə bağlı təşəbbüslər irəli sürülüb.
İnstitusional müstəvidə isə "gənc alim" anlayışının qanunvericilikdə öz əksini tapması, eləcə də bakalavr təhsili almış oğlanlara magistraturaya sənəd vermək ərəfəsində hərbi çağırışdan rəsmi möhlət hüququnun verilməsi ilə bağlı aidiyyəti dövlət orqanları qarşısında qaldırdığımız vətəndaş cəmiyyəti təşəbbüsləri real nəticələr verib.
Həmçinin Azərbaycan Respublikasının Elm Fondu gənc tədqiqatçılar üçün məqsədli qrant proqramları vasitəsilə onların elmi fəaliyyətinə əlavə stimul verib. Xüsusilə vurğulamaq lazımdır ki, dövlətin yeni nəsil alimlərin formalaşmasında maraqlı olduğunu göstərən ən mühüm addımlardan biri də xarici ölkələrin nüfuzlu universitetlərində təhsil üzrə Dövlət Proqramları çərçivəsində gənclərin magistratura və doktorantura pillələrində təhsilinin dəstəklənməsidir. İndiyədək minlərlə gənc istedad bu proqramlardan faydalanaraq nüfuzlu elmi mərkəzlərdə təhsil almaq və tədqiqat aparmaq imkanı əldə edib. Bu, dövlətin strateji kadr siyasətinin mütərəqqi təzahürüdür.
Lakin real statistik göstəricilər nümayiş etdirir ki, görülən bütün bu tədbirlər gənclərin elmdə davamlı kadr kimi qalmasını tam təmin etmək üçün hələ də kifayət deyil. Daha köklü islahatlara ehtiyac var.