Ali məktəbləri bitirən gənclərin bir çoxu işə qəbul zamanı təcrübə tələbi ilə üzləşirlər. Belə ki, işəgötürənlərin bu tələbi məzunların əmək fəaliyyətinə çətinliklər yaradır. Bəs problemin həlli üçün hansı addımlar atılmalıdır?
Təhsil eksperti Rizvan Fikrətoğlu məsələ ilə bağlı Oxu.Az-a danışıb.

O bildirib ki, gənclərə təhsil aldıqları sahə üzrə təcrübə qazanmaq imkanının yaradılmaması əmək bazarında uyğunsuzluqlara yaradır:
"Xüsusilə, bu məsələ universitetləri yeni bitirən və əmək fəaliyyətinə başlamaq istəyən gənclər üçün aktualdır. Problemin bir neçə səbəbi var. Onlardan biri müəssisələrin işə qəbul zamanı riskləri minimuma endirməyə çalışması ilə bağlıdır. İşəgötürənlər hesab edirlər ki, təcrübəli əməkdaş iş mühitinə daha tez uyğunlaşır, əlavə təlimə və nəzarətə daha az ehtiyac duyur. Bu isə onlar üçün əlavə xərclərin azalması deməkdir.
Digər mühüm səbəb ali məktəblərdə verilən nəzəri biliklərlə əmək bazarının real tələbləri arasında uyğunsuzluğun olmasıdır. Gənclər universitetlərdə müəyyən bilik və bacarıqlar əldə etsələr də, onları real iş mühitində tətbiq etmək imkanları məhdud olur. Nəticədə diplomlu məzunlar əmək bazarında çətinliklərlə üzləşirlər".
Ekspert vurğulayıb ki, bəzi işəgötürənlər bütün vəzifələr üzrə yüksək tələblər irəli sürürlər:
"Problemin həlli üçün ilk növbədə universitetlərlə müəssisələr arasında əməkdaşlıq gücləndirilməlidir. Tələbələrin təhsil müddətində istehsalat təcrübəsi keçməsi formal xarakter daşımamalı, onlara konkret peşə vərdişləri aşılanmalıdır. Bundan əlavə, ödənişli təcrübə proqramlarının genişləndirilməsi və yeni təcrübə mərkəzlərinin yaradılması həll yollarından biri ola bilər. Bu proqramlar gənclərə praktiki biliklər qazandırmaqla yanaşı, gələcəkdə iş tapmaq imkanlarını da artırır.
Eyni zamanda, dövlət tərəfindən işəgötürənləri stimullaşdıran mexanizmlər də tətbiq oluna bilər. Məsələn, ilk dəfə işə qəbul edilən gənclərin əməkhaqqının müəyyən hissəsinin qısamüddətli subsidiyalaşdırılması, yaxud yeni məzunları işə götürən müəssisələrə vergi və digər güzəştlərin tətbiqi nəzərdə tutula bilər. İşəgötürənlərin vakansiya tələblərinə daha real yanaşması vacibdir. Namizəddən mütləq iş təcrübəsi tələb etmək əvəzinə onun inkişaf potensialı nəzərə alınmalıdır. Aydındır ki, heç bir gənc əmək bazarına tam hazır mütəxəssis kimi daxil olmur. Peşəkar kadrın yetişməsi üçün isə müəyyən vaxt lazımdır".
Təhsil eksperti İlqar Orucov isə bildirib ki, müasir əmək bazarında yeni məzunların işə qəbulu zamanı təcrübə tələbi ilə qarşılaşması təhsil sistemi ilə real sektor arasındakı uyğunsuzluğun nəticəsidir.

Ekspert problemin əsas səbəblərindən birinin ali təhsil müəssisələrində verilən nəzəri biliklərin əmək bazarının sürətlə dəyişən praktiki tələbləri ilə tam uzlaşmaması olduğunu vurğulayıb:
"Digər tərəfdən, özəl sektor və müəssisələr yeni kadrın sıfırdan öyrədilməsini əlavə vaxt, maliyyə və insan resursu itkisi kimi qiymətləndirirlər. Şirkətlər birbaşa nəticə verən hazır mütəxəssislər üstün tutduqları üçün təcrübəsiz gənclərə investisiya qoymaqdan və risk almaqdan çəkinirlər.
Problemin aradan qaldırılması üçün universitetlərlə işəgötürənlər arasında institusional əməkdaşlıq gücləndirilməli, beynəlxalq təcrübədə özünü doğrultmuş dual təhsil modeli geniş şəkildə tətbiq olunmalıdır. Bu model çərçivəsində tələbələr həm ali məktəblərdə nəzəri biliklər əldə edir, həm də paralel olaraq real iş mühitində və istehsalatda çalışaraq peşə vərdişlərinə yiyələnirlər. Nəticədə gənclər universiteti bitirdikdə artıq konkret iş təcrübəsinə malik mütəxəssis kimi əmək bazarına daxil olurlar".
Müsahibimiz əlavə edib ki, müəssisələrdə gənclər üçün ödənişli və ya sertifikatla təsdiqlənən təcrübə proqramlarının, eləcə də mentorluq sisteminin genişləndirilməsi ilə vacibdir:
"Dövlət tərəfindən ilk dəfə işə düzələn gəncləri dual təhsil proqramlarına qoşulan müəssisələr üçün stimullaşdırıcı mexanizmlərin, o cümlədən vergi güzəştlərinin və əməkhaqqının bir hissəsinin subsidiyalaşdırılması proqramlarının tətbiqi bu sahədə ciddi dönüş yarada bilər.
Hesab edirəm ki, gənclərin potensialına güvənmək və onlara karyeralarının ilk addımlarında dəstək olmaq təkcə sosial məsuliyyət deyil, həm də ölkənin dayanıqlı insan kapitalının və rəqabətədavamlı iqtisadiyyatının formalaşdırılması baxımından strateji zərurətdir".
Laləzər Məmmədova