Badamdar qəsəbəsində baş verən torpaq sürüşməsi daha da genişlənib.
Bu barədə Oxu.Az-a Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar, 20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib.
Ərazidə vəziyyətin dinamikası izlənilir.
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində sürüşmə təhlükəsi davam edir.
Oxu.Az xəbər verir ki, sürüşmə nəticəsində ərazidə torpaq qatının bir hissəsi uçub, daş hasarlar dağılıb, yamac boyunca torpaq və daş parçaları səpələnib.
Yaranmış təhlükə ilə əlaqədar ərazidə yaşayan sakinlərin təxliyəsi həyata keçirilib.
Hazırda vəziyyət aidiyyəti qurumların nəzarətindədir. Ərazidə müvafiq qiymətləndirmə işləri aparılır.