Orta məktəblərdə müəllimlərin istirahət günlərində və tətil müddətində təlimlərə cəlb olunması narazılığa səbəb olub.
Belə ki, beşgünlük iş rejimində çalışan müəllimlər şənbə, altıgünlük iş rejimində çalışanlar isə bazar günləri təlimlərə qatılmağa dəvət olunurlar. Hazırda davam edən payız tətilində də pedaqoqların bu prosesə cəlbi narazılığı daha da artırıb.
Bununla bağlı Oxu.Az-ın suallarını cavablandıran təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, Əmək Məcəlləsinə görə beşgünlük iş rejimində çalışan işçilər üçün şənbə və bazar günləri, altıgünlük iş rejimində çalışanlar üçün isə bazar günü istirahət günü hesab olunur. Əgər müəllim bu günlərdən təlimə cəlb olunursa, onun əmək hüquqları müəyyən qədər pozulmuş olur:

"Rüb tətilləri, o cümlədən bir həftəlik payız tətili müəllimlər üçün nəzərdə tutulmuş istirahət müddəti deyil. Yəni rüb tətilləri yalnız şagirdlərin istirahəti üçün nəzərdə tutulur və onların qısamüddətli məzuniyyəti hesab olunur. Bu səbəbdən həmin müddətdə müəllimlərin təlimlərə cəlb edilməsi orta ümumtəhsil məktəblərində əmək fəaliyyəti göstərən müəllimlərin əmək hüquqlarının pozulması demək deyil. Rüb tətillərində, xüsusilə də qısamüddətli tətillər zamanı müəllimlər müxtəlif təlimlərə cəlb oluna bilərlər.
Məsələn, üçaylıq yay tətili də şagirdlərə aiddir. İyunun 15-dən sentyabrın 15-dək olan müddət şagirdlərin tətil vaxtıdır. Müəllimlərə şamil olunan istirahət müddəti isə fərqlidir. Onlar üçün nəzərdə tutulan 35 və ya 40 günlük məzuniyyət əmək qanunvericiliyinin tələblərinə uyğun tənzimlənir.
Ümumilikdə qanunvericiliyə görə, beşgünlük iş rejimində çalışan işçilər üçün şənbə və bazar günləri, altıgünlük iş rejimində çalışanlar üçün isə bazar günü istirahət günü hesab olunur. Əgər müəllimin bu istirahət günləri əlindən alınırsa, o zaman, bəli, onun əmək hüquqları müəyyən qədər pozulmuş olur".
Ekspertin sözlərinə görə, hər hansı təlimin keçirilməsi ilə bağlı müəllimlərə əvvəlcədən məlumat verilibsə və onlar könüllü şəkildə həmin təlimlərdə iştirak etməyə razılıq veriblərsə, bu zaman hər hansı problem yoxdur:
"Lakin müəllim könüllü olaraq təlimdə iştirak etmək istəmirsə və istirahət günündə məcburi şəkildə təlimə cəlb olunursa, bu halda həmin günün əlavə əməkhaqqı ödənilməli və ya müəllimə başqa bir gün mütləq istirahət verilməlidir. Elm və Təhsil Nazirliyi şagirdlərin tətil etdiyi müddətdə müəllimlər üçün müxtəlif təlimlər, seminarlar və digər fəaliyyətlər təşkil edə, onları həmin tədbirlərə cəlb edə bilər.
Müəllimlərin həftəlik istirahət hüququ pozulursa, bu zaman artıq hüquqi problem yaranır".
Ramin Nurəliyev əlavə edib ki, müəllimlərin razılığı olmadan onların təlimlərdə iştirakı tələb edilirsə, bu halda iştirak etmədiklərinə görə onlara hər hansı cəza tədbiri tətbiq edilə bilməz, bu qanunvericiliyə ziddir:
"Əgər müəllimlərə əvvəlcədən müəyyən tarixlərdə təlimlərin keçiriləcəyi bildirilibsə, həmin günlər üçün əlavə ödəniş nəzərdə tutulubsa və müəllimlərə növbəti həftənin başqa bir günü istirahət veriləcəksə, bu halda onların təlimlərə cəlb olunmasında hər hansı problem yoxdur. Lakin müəllimlər məcburi şəkildə təlimlərə cəlb edilirsə və qeyd etdiyim məqamlar nəzərə alınmırsa, bu, ciddi hüquqi problem kimi qiymətləndirilə bilər".
O həmçinin vurğulayıb ki, Elm və Təhsil Nazirliyi bütün müəllimləri iş vaxtı ərzində təlim və seminarlara cəlb edə bilmir:
"Çünki müəllimlərin dərs cədvəlləri fərqlidir, onların müxtəlif günlərdə və saatlarda tədrisləri olur. Bir müəllim təlimdə iştirak edə bilir, digəri isə yox. Buna görə də Elm və Təhsil Nazirliyi təlimləri ya müəllimlərin istirahət günlərində, ya da rüb tətilləri müddətində təşkil etməyə məcbur qalır. Hər iki halda da, az öncə qeyd etdiyim kimi, müəllimlərin əmək hüquqlarının pozulmaması şərtilə onların təlimlərə cəlb olunmaları mümkündür".