Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində sakinlər küçə işıqlandırmasının olmamasından şikayətçidirlər.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Vətəndaş yaşadığı ərazidə yaranmış problemin həllinə kömək göstərilməsini xahiş edib.
Onun sözlərinə görə, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 1 ünvanında küçə işıqlandırması yox səviyyəsindədir. Binanın qarşısında yerləşən iki işıq dirəyindən biri 2023-cü ildən sıradan çıxıb.
Sakin qeyd edib ki, məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət olunsa da, indiyədək problem həllini tapmayıb.
Onun sözlərinə görə, həyət axşam saatlarında tamamilə qaranlığa qərq olur. Bu isə ərazidə yaşayanlar üçün ciddi narahatlıq yaradır.
"Bundan əlavə, binanın zirzəmisinə giriş hissələri qoruyucu hasar və ya məhəccərlə əhatə olunmayıb, həmin yerlər asfalt səviyyəsindədir. Bu isə xüsusilə qaranlıqda insanların yıxılaraq xəsarət alması ilə nəticələnə bilər", - deyə sakin bildirib.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.