Rusiya Prezidenti Vladimir Putinin nüvə çamadanı Çinin Şençjen şəhərində keçirilən APEC sammiti zamanı kameralara tuş gəlib. Rusiya Dövlət Dumasının deputatı və jurnalist Yevgeni Popov Rusiya prezidentinin köməkçisinin əlindəki qara portfelə diqqət yetirərək onun içərisində həqiqətən də strateji nüvə silahlarının idarə edilməsi üçün nəzərdə tutulan qurğu olub-olmadığını soruşub. Köməkçi isə bunu təsdiqləyib.
Qeyd edək ki, bu sistem sayəsində ali baş komandan harada olmasından asılı olmayaraq, nüvə silahından istifadə ilə bağlı qərar qəbul etmək imkanını qoruyub saxlayır.
Bəs, Rusiya prezidentinin bu addımı hansı mesajı verir? Dünya yeni nüvə silahlanması dövrünə daxil olur?
ABŞ-li siyasi analitik Con Kavuliç Oxu.Az-a açıqlamasında bildirib ki, Prezident Putin, Prezident Tramp və Prezident Si nə qədər bir yerdə olsalar da, Çin, ingilis və rus dilləri arasında tərcüməyə vaxt getdiyi üçün söhbətə az vaxt qalır:

"Yəni bir saatlıq görüşdə faktiki söhbət 20 dəqiqə çəkir. Düşünürəm ki, üçtərəfli görüşdə heç bir qərar qəbul edilməyəcək. Görüşdən sonra növbəti üçtərəfli görüşlə bağlı gözlənti yaranacaq. Bu o deməkdir ki, məqsəd həm də G20 sammitində Tramp, Putin, Si və Zelenskinin dördtərəfli görüşünə, Tramp, Si və Zelenskinin üçtərəfli görüşünə və ya Si ilə Zelenskinin ikitərəfli görüşünə nail olmaqdır".
"Nüvə məsələsinə gəlincə, Putin "Çeget" nüvə çamadanı ilə xüsusi bir mesaj vermir. Nüvə arsenalına malik hər bir ölkənin lideri səfər zamanı da həmin silahların istifadəsi barədə əmr verə bilir", - deyə təhlilçi əlavə edib.
Rusiyalı politoloq Boqdan Bezpalko isə Oxu.Az-a açıqlamasında deyib ki, Rusiya prezidentinin APEC sammiti çərçivəsində Şençjendə keçirilən üçtərəfli mühüm görüş zamanı belə nüvə çamadanından ayrılmaması onun hadisələrin istənilən inkişafına hazır olduğunu göstərir:

"Əgər zərbə endirmək zərurəti yaranarsa və o, bu cihaz vasitəsilə müvafiq qərarı təsdiqləməli olarsa, bunu edəcək. Lakin bu normaldır. Mövcud vəziyyətdə Rusiya hərbi münaqişə, kollektiv Qərblə qarşıdurma şəraitindədir. Bu qarşıdurma çərçivəsində hər şey, o cümlədən nüvə münaqişəsi də baş verə bilər. Rusiya prezidenti də buna hazırdır".
"Bununla belə, o, diplomatik yolun vacibliyini və Rusiyanın bu istiqamətdə irəliləməyə hazır olduğunu daim vurğulayır. Ancaq bu zaman Rusiyanın milli və dövlət maraqlarına riayət edilməlidir", - deyə analitik vurğulayıb.