Əbu-Dabinin yaxınlığında iki park attraksion yerləşir – Ferrari World və Waterland. İkinciyə vaxt azlığından düşə bilmədik, amma Ferrari World-də bütöv bir gün keçirdik.
Öncədən qeyd edim ki, park qapalıdır, ona görə də 36 dərəcə istidən əziyyət qorxumuz boşa çıxdı.
Parkda bütün yaş kateqoriyalarına aid attraksioanlar var – adilərdən artıq dərəcədə ekstremal olana qədər. Giriş bileti 66 dollardır, amma əgər növbələrdə 30-40 dəqiqə dayanmaq istəmirsizsə, premium bilet üçün 120 dollar ödəməli olacaqsınız.
Parkın ərazisində bir neçə restoran, əsasən italyan restoranları yerləşir. Onların birində hətta alkoqollu içki belə təklif etdilər, bu, mənim təəccübümə səbəb oldu, çünki bu şəraitdə həm də uşaqların yanında kim isə içki istəyə bilərmiş.
Amma bir attraksiondan sonra niyə qonşu restoranda içki təklif olunduğunu anladım. İkinci dəfə ora bir qədəh içmədən getməyə cəsarətim çatmazdı.
Üç saniyə ərzində vaqonların sürəti 240 km/s qədər olur. Bu sevinc 1 dəqiqə 30 saniyə çəkir, amma bu zaman “Məni burdan çıxarın!” cümləsini bağırmağa, bütün günahlarını xatırlayıb Allaha bundan sonra daha yaxşı adam olacağın barədə and içməyə çatır. Bu attraksion sterrdən çıxmaq üçün tövsiyə edilir, orada hiss edəcəyiniz dəhşətdən sonra istənilən problem sizə şişirdilmiş gələcək.
Uşaqlar üçün bu attraksionun bir qədər yumşaq forması var, amma ora boyu 130 sm-dən kiçik olanlar buraxılmır.
Yorulduqdan sonra mağazaları gəzmək olar, bahalı olmalarına baxmayaraq assortiment elə də xoş təəssürat bağışlamır.
Səhərisi gün geri – Dubaya qayıtdıq, uşaqları sürprizlərlə dolu “KidZania”, “Ski Dubai” gözləyiridi, burada xizək sürüb canlı pinqvinlərlə əylənmək olar.
“KidZania” 5 yaşdan 12 yaşa kimi olan uşaqlar üçün çox gözəl yerdir. “Dubai Mall”da yerləşən bu əyləncə mərkəzi bank, xəstəxana, avtoservis, otel, restoran, fabrik, polis məntəqəsi, nəşriyyatı olan uşaqlar üçün mini-şəhərdir. Girişdə uşağa çek təqdim edilir. Bu çekin vasitəsi ilə gözəllik salonunda, nəqliyyatda ödəmə edə bilərlər. Sonra isə uşaq özü qəzetdə, oteldə, şokolad fabrikində, mağazada kassir, fotomodel kimi işləyərək qazana bilər. Qazanılan pulları elə buradaca oyuncaq mağazasında oyuncaqlara xərcləmək olar.
Şokolad fabrikində uşaqlar özləri “Kinder” şokoladı hazırlayırlar.
Eləcə də “McDonalds”da işləyərək öz sifarişini öz əllərinlə hazırlaya bilərsən.
Bu uşaqların sadəcə gözəl əylənə biləcəyi deyil, eləcə də şokolad fabrikinin necə işlədiyini, pizzanın necə hazırlandığını, restoran, otel və mağaza işçilərinin nə etdiyini öyrəndikləri bir yerdir.
“Dubai Mall”da dünya şöhrətli şüşədən tunel şəkilli akvarium yerləşir.
Akvarium 10 milyon ton su üçün hesablanıb və ən böyük xarici panelə malikdir. Tuneldən 33 000 müxtəlif okean canlısını izləmək olar. Akvariumun üstündə müxtəlif növ balıq, pinqvin, ilan və digər heyvnalardan ibarət zoopark yerləşir.
Akvariumda bütün günü keçirmək olar, bu qəribə okean canlılarını, onları yemləmək üçün ora enən dalğıcları uzun uzadı izləmək olar.Yuxarı mərtəbədə ayrı akvariumda piranilər də var.
“Ski Dubai” isə “Mall of Emirates”də yerləşir və bura kanat yolu, xizək yolları və canlı pinqvinlər ilə fəxr edə bilər. Xizək yolu və kanatlarla bizi təəccübləndirmək təbii ki, mümkün deyil, o üzdən də “Ski Dubai”yə daxil olmağımızın yeganə səbəbi pinqvinlər oldu.
Pinqvinlər ilə ünsiyyət üçün biletin qiyməti 180 dirhəmdir (40 manata yaxın). Geyimi girişdə verirlər, qeyd etmək lazımdır ki, o, heç də isti deyil və biz əməlli-başlı donduq.
Pinqvinlər özlərini təlim keçmiş itlər kimi aparırlar, bu isə uşaqların heyrətinə səbəb olurdu. Trenerin təlimatından sonra onlar şəkil çəkdirmək üçün insanlarla bir cərgədə dururlar. Onları tumarlamaq da mümkündür, sakit dursalar da bundan əsaslı şəkildə bezdikləri görünür.
Bir anı da nəzərinizə çatdırım – ora nə fotokamera, hətta mobil telefonları da keçirməyə icazə vermirlər. Burada öz fotoaparatları var, şəkli isə 100 dirhəmə (təqribən 23 manata) çəkirlər. Düzünü desəm, heç Paris Disneyləndində belə qiymətlər yoxdu.
Suvenirlər də bahadı, amma oyuncaq pinqvin almaqdan yaxa qurtarmaq mümkün olmadı.
Ardı var…
Aliyə İsmayılzadə
www.oxu.az