Dubayın turistlər üçün cənnət olduğunu hamı bilir. Etiraf edim ki, son ana qədər buna şübhə edirdim, axı səhranın ortasında tikilmiş, heç bir tarixi abidəsi olmayan və ilin 12 ayından 5 ayını praktiki olaraq açıq havada gəzməyin mümkün olmadığı bir şəhərdə nə ola bilər axı?!
Tanışlarımın çoxsaylı rəğbət dolu şərhlərinə baxmayaraq təxəyyülümdə yaşıllıqdan əsər-əlamət olmayan, günəşin qovurduğu torpaq üzərində ucalan simasız göydələnlər, ağ uzun əbalı ərəblər, qara çadralı qadınlar və bir yığın səs-küylü uşaq yaranırdı.
Ona görə də əmirliklərə səfər haqqında bütün təkliflərə etiraz edərək, tarixi abidələri, qəsrləri, park, muzey və restoranları ilə məşhur Avropa ölkələrinə üstünlük verirdim.
Amma dostlarım Dubaya uşaqları ilə bərabər qısamüddətli səfər etmək istədiklərini deyəndə etiraz etməməyi qərara aldım. Və peşman olmadım.
Bakıdan BƏƏ-nin ən məşhur şəhərinə uçuş cəmi 2,5 saat çəkir. Bu isə çox əlverişlidir, çünki Avropa ölkələrinə 5-6 saatlıq uçuş yorucudur.
Təyyarə enəndə açılan mənzərədə doğma notlar tapdım, bura Bakını xatırladırdı – şüşəli göydələnlər, dəniz, yol qovşaqları. Düzdü, orada bütün bunlar daha çoxsaylı və nəhəng idi.
Sonra isə sürpriz, sürpriz ardınca gəldi. Hər şeydən əvvəl hava orda o qədər də dəhşətli deyildi, Bakının iyul havasını xatırladırdı. Bütün səfər boyu temperatur 36 dərəcə oldu.
Əmirlikdə demək olar ki, açıq havada heç nə yoxdu – avtobus dayanacaqları, turistlər üçün əyləncə mərkəzləri və hətta parkları, attraksionları qapalı və kondisioner ilə təchiz edilib.
Aeroportdan birbaşa BƏƏ-nin paytaxtına uşaqlar üçün əyləncə məkanlarının – “Ferrari World” və su “Waterland” park attraksionlarının və Ağ Məscidin yerləşdiyi Abu-Dabiyə yollandıq.
Əmirliyin yolları təəccüb doğurur. Onlar sadəcə düz deyil, güzgü kimidir. Sürücülərin qaydalara riayət etməsi isə tərifəlayiqdir, belə nizam-intizamlı idarəetməni mən heç Avropada da görməmişdim.
Bizi Abu-Dabiyə aparan taksi sürücüsü yol hərəkəti qaydalarına görə burda çox ciddi cəza verildiyini dedi. Məsələn, icazə olmayan yerdə siqanl üçün 3000 dirhəm (690 manata yaxın) cərimə edilir. Burada olan sürücülərin çoxu – hindlilər, pakistanlılar və fillipinlilərdir, yəni xaricilərdir, qayda pozuntusuna görə onları ölkələrinə deportasiya edə bilərlər.
Taksi sürücüləri arasında qadınlara da rast gəlmək olar, əksəriyyəti də hicablı. Onları kişi sərnişinlər narahat etmir, hətta onların ön oturacağa oturmalarına da etiraz etmirlər.
Ümumiyyətlə, yerli əhalinin turistlərə qarşı göstərdikləri səbir məni təəccübləndirdi. Geyimlə əlaqəli heç bir qadağa mövcud deyil, istəyən şortikdə, istəyən çadrada gəzir. Bizim odlu-alovlu Azərbaycan kişilərimizdən fərqli olaraq ərəblər turistlərə ümumiyyətlə, baxmırlar. Mənə elə gəldi ki, onlar xarici vətəndaşları özlərinə bərabər saymırlar və onlara diqqət etməyi özlərinə ar bilirlər.
Xidmət personalına gəldikdə isə (onlar da Pakistan, Hindistan, Banqladeş, Fillipin və s. ölkələrdən olanlardır) onlar ümumiyyətlə, davranışlarında artıq hərəkətə yol verməyə sanki qorxurlar. Adətən onlar sizə başlarını qaldırıb baxmırlar belə.
Əmirlikdə qadağan olunan yeganə şey turistlərə alkoqollu içkilərin satılmasına icazəsi olan restoranlardan başqa, ictimai yerlərdə alkoqollu içkilərin içilməsidir.
Evində, otel nömrəndə istədiyini edə bilərsən, yalnız ictimai asayişi pozmadan. Məncə, tamamilə ədalətlidir.
Abu-Dabinin əsas abidələrindən biri Nəhəng Şeyx Zahid Bin Sultan Əl Nahyan Ağ Məscididir. Məscid Birləşmiş Ərəb Əmirliklərinin ilk prezidenti Şeyx Zahid ibn Sultan əl-Nəhyanın şərəfinə adlandırılıb.
Məscid müasir ərəb dünyasının ən unikal və gözəl memarlıq abidələrindəndir, burda eyni zamanda 40 min mömin dua edə bilir. Bir neçə yüz mərmər sütun və panellər gözəl daşlarla – qırmızı əqiq, ametist və mirvari ilə bəzədilib.
Tikinti 1996-cı ildə başlayıb, rəsmi açılış 2007-ci ildə olub. Daxili sahə 22 412 kv.metrdir.
Yerli sakinlərin sözlərinə görə, dolunay zamanı məscid Məkkəyə doğru üzən buludlar şəklində parlaq ağ işıqla aydınlanır. Ay kiçildikcə 14 gün sonra təzə ay çıxana qədər işıq göy rəngə dönür.
Məscidin möcüzələri bununla bitmir. Döşəmə dünyanın ən böyük xalçası ilə bəzədilib, xalçanın sahəsi 5 627 kv.m, çəkisi isə 45 tondur. Onun hazırlanmasına iki il vaxt və 15 ton təmiz İran yunu, 15 ton Yeni Zelandiya yunu və 15 ton təmiz pambıq sərf edilib.
Amma bu da son deyil. Böyük zalda qızıl suyuna salınmış, svarovski bülluru ilə bəzədilmiş nəhəng çilçıraq asılıb. Çilçıraq Almaniyadan gətirilib.
Məscidə daxil olarkən ayaqqabıları çıxarmaq lazımdır, qadınlara isə elə qapının yanında paylanılan xüsusi geyim təklif edilir.
Ümumiyyətlə, möminlər və qonaqlar üçün yeraltı parketməyə qədər bütün şərait yaradılıb.
Məscidin ərazisində olan atmosfer nağılları xatırladır, hər şey o qədər gözəldir ki, istiyə baxmayaraq orada saatlarla gəzmək olar. Təəssüf ki, fotolarda bəyaz minarələrin və sütunların, məkanın nəfisliyini, mərmər divarların işləmələrini daşların parlaqlığını və xalçanın naxışlarının gözəlliyini tam olaraq göstərmək olmur.
Səfərimizin digər günləri tamamən uşaqlara həsr edilmişdi.
Ardı var...
Aliyə İsmayılzadə
www.oxu.az