2017-ci ildə doğulduğu andan bəri dünyanın ən məşhur begemotu olan Fiona ABŞ-dəki Sinsinnati zooparkında faciəli şəkildə tələf olub. Hadisə ziyarətçinin təsadüfən qəfəsin içinə düşən papağını yedikdən sonra baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə BBC telekanalı məlumat verib.
"Dərin kədər hissi ilə sizə bu dəhşətli xəbəri bildiririk - baytarlar və baxıcılardan ibarət komandamızın bütün səylərinə baxmayaraq, Fionanı xilas etmək mümkün olmayıb", - deyə zooparkın məlumatında bildirilib.
Fiona ölümündən on gün əvvəl papağı udub.
"Biz hazırda şokdayıq. Belə bir şey gözləmirdik. O, sona qədər mübarizə apardı", - deyə zooparkın direktoru Deyv Cenayk deyib.
Fiona 2017-ci ilin yanvar ayında vaxtından əvvəl dünyaya gəlib - cəmi 13 kiloqram olub ki, bu da normadan təxminən üç dəfə azdır.
Zoopark işçiləri balaca Fionanın bütün hekayəsini addım-addım sosial şəbəkələrdə paylaşmağa başlayıblar. İzləyicilər onun öz həyatı uğrunda necə mübarizə apardığını, böyüdüyünü, üzdüyünü, oynadığını görüblər. Nəticədə Fiona bütün dünyada məşhurlaşıb.
Onun adına dondurma var, eləcə də onun obrazı yerli "Sinsinnati" qrupunun ifasında "Şelkunçik" baletinə daxil edilib.
Onun ölümü də doğulması kimi vaxtından əvvəl baş verib, mütəxəssislərin fikrincə, adətən zooparkda yaşayan begemotlar 50 ilə qədər ömür sürürlər.
Zooparkın mətbuat katibi Mişel Kyorli bildirib ki, papağın Fionanın qəfəsinə düşməsi tamamilə təsadüf olub: ziyarətçi onu havaya atıb, papaq tavanın ventilyatoruna dəyərək hasar ilə tavan arasındakı kiçik bir boşluğa düşüb.
Hadisədən bir neçə gün sonra Fionanın iştahı kəsilib.
Zoopark işçiləri onu yedizdirməyə çalışıblar ki, qida papağı həzm traktından keçirsin. Ölümündən əvvəl aparılan ultrasəs müayinəsi papağının nazik bağırsaqda ilişib qaldığını göstərib.
Yetkin begemot üzərində əməliyyat aparmaq mümkün deyil və baytarlar yalnız papağın öz-özünə çıxacağına ümid ediblər. Onlar Fionanı at tövləsindən götürdükləri xüsusi vibrasiya platformasına yerləşdirərək prosesə kömək etməyə çalışıblar, lakin bu da nəticə verməyib.
Sinsinnati meri Aftab Pureval Fionanın şəhər üçün "dözümlülük və sevinc simvolu" olduğunu qeyd edib.
"Onun üzünü görən kimi uşaqların, valideynlərin və dünyanın hər yerindən gələn ziyarətçilərin simalarında təbəssüm yaranırdı. Şəhərimiz çox kədərlidir, amma həyatımızda olduğu üçün ona sonsuz minnətdarıq", - deyə mer öz "X" hesabında yazıb.