ABŞ Prezidenti Donald Tramp cümə axşamı xüsusi elçisi Cared Kuşner vasitəsilə Almaniyada danışıqlar aparan "istəklilər koalisiyası"nın iştirakçıları ilə əlaqə saxlayaraq, avropalıları və Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə sövdələşməyə çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri tədbirdə iştirak edən mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Tramp Avropa liderlərinə və Zelenskiyə Rusiya Prezidenti Vladimir Putinin sülhə can atdığını bildirib və avropalıların hazırda Ukraynaya xərclədikləri pulları öz ehtiyaclarına yönəldə bilmələri üçün Kremllə razılığa gəlməyə səsləyib.
Qəzet xatırladır ki, sözügedən görüş davam edərkən ABŞ prezidenti N1 təyyarəsindən Kuşnerə zəng edib.
Mənbələrdən birinin sözlərinə görə, Tramp Putinlə Çinin Şençjen şəhərindəki təmasları zamanı vaxtın böyük hissəsini Ukraynaya dair müzakirəyə sərf etdiklərini deyib.
Bundan əvvəl Qərb mediası mənbələrə istinadən Trampın Berlindəki görüş iştirakçılarına zəng etdiyi barədə məlumat vermişdi.
Mövzu ilə tanış olan şəxslərin sözlərinə görə, Tramp Berlində toplaşan 30-dan çox liderə Putinlə söhbətinin yaxşı keçdiyini bildirib və Ukraynada sülhün əldə olunmasına kömək edəcəyini vurğulayıb.
Bəzi məlumatlara əsasən, ABŞ lideri görüş iştirakçılarına Putinin münaqişənin başa çatmasını istədiyini deyib.
"İstəklilər koalisiyası"nın danışıqlarında ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner də iştirak ediblər.