"Rolls-Royce" sənətkarlıq bacarıqlarını avtomobil sənayesindən kənara çıxarmağın yeni bir yolunu tapıb. Ötən il təqdim edilən 44 min dollarlıq şahmat dəstindən sonra, Britaniya brendi indi də özəl nərdtaxtasını nümayiş etdirib.
Oxu.Az xəbər verir ki, bu barədə Mail.ru məlumat yayıb. Brendin nərd oyunu ilə əlaqəsi düşünüldüyündən daha qədimdir. Bu oyunun kökləri 5 min il əvvəlki qədim Mesopotamiyaya gedib çıxır.
"Rolls-Royce"un tarixində isə bu ənənə azı 1938-ci ildən mövcuddur: həmin vaxt xüsusi sifarişlə arxa hissəsində quraşdırılmış nərdtaxtası olan "Wraith" modeli yığılmışdı. Adətən nərd daha yaşlı nəsli cəlb etsə də, "Rolls-Royce"un müştəri bazası gəncləşməkdədir: əvvəllər alıcıların orta yaşı 56 idisə, hazırda bu rəqəm 43-ə düşüb. Buna görə də yeni kolleksiya əşyaları təkcə funksionallığına görə deyil, həm də estetik dəyərinə görə qiymətləndirən auditoriya üçün nəzərdə tutulub. Yeni dəstin əsasını "Sunset" və "Sunrise" dərisi ilə işlənmiş, mürəkkəb taxta marketrisi və açılışa bir az teatrallıq qatan alüminium ilgəyi olan massiv Amerika qoz ağacından hazırlanmış lövhə təşkil edir.
Oyun daşları isə boksit qatqılı kompozit materialdan hazırlanıb. Dəstdə brendin simvolu da unudulmayıb: lövhənin üzərində taxtanın istənilən vəziyyətində şaquli qalan "Ekstaz ruhu" fiquru yerləşdirilib. Dizayn qədim Mesopotamiyadan ilhamlanıb, torpaq çalarları isə oyunun vətəninin mənzərələrinə istinad edir. Dəsti turnir ölçüsündə də əldə etmək mümkündür. Markanın avtomobillərində olduğu kimi, burada da əsas məna sadəcə A nöqtəsindən B nöqtəsinə getməkdən ibarət deyil - bu, sənətkarlıq, eksklüzivlik və fərdiləşdirmə haqqındadır. Bu xüsusiyyətlərin ev mühitinə daşınması "Rolls-Royce" təcrübəsinin təbii davamıdır. Şirkət məhsulun qiymətini açıqlamayıb.